“The Jerusalem Post” qəzetində Azərbaycanın geosiyasi əhəmiyyəti ilə bağlı yazılıb

10 Dekabr, 2019

İsrailin nüfuzlu “The Jerusalem Post” qəzetində Azərbaycana həsr olunmuş “Qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir” sərlövhəli məqalə dərc olunub.
Məqalənin müəllifi Arye Qut ölkəmizin Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirdiyindən yazaraq, diqqəti Azərbaycan və Türkiyənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirakına, Prezident İlham Əliyevin TANAP-ı tarixi layihə adlandırmasına, bu nəhəng layihənin həyata keçirilməsini Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olduğunu söyləməsinə cəlb edib.
Arye Qut hesab edir ki, təkcə enerji təhlükəsizliyinin təmin edilməsi baxımından deyil, həm boru xəttinin keçdiyi ölkələrdə rifahın yaxşılaşdırılması baxımından da mühüm layihə olan TANAP ona qoşulmaq imkanını itirmiş Ermənistan üçün sadəcə pis xəbər deyil, hətta dəhşətli yenilikdir: “...regionda iqtisadi və geoiqtisadi iqlim Ermənistan tərəfindən deyil, qüdrətli və müstəqil Azərbaycan tərəfindən müəyyən edilir. Azərbaycanda açıq şəkildə bəyan edirlər ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunun işğalını davam etdirdiyi müddətdə təcrid olunmaqda davam edəcək. Ermənilər bu ərazilərdə bir milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirib, ciddi və qəddar hərbi cinayətlər törədiblər. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 nömrəli dörd qətnamə qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq hüquqda tanınmış sərhədlərinin toxunulmazlığına hörmət bəslədiyini təsdiq edib”.
Ekspert vurğulayıb ki, 8,5 milyard dollar sərmayə qoyulmuş TANAP vasitəsilə hər il Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz nəql edəcək Azərbaycan Cənubi Qafqaz regionunda əməkdaşlığın mütərəqqi ikitərəfli formatlarının təşəbbüsçüsü və ya yaradıcısı kimi çıxış edən yeganə ölkədir və üçtərəfli, hətta dördtərəfli formatlar üçün yol açıb: "Aydındır ki, “böyük neft” dövründən sonra “böyük qaz” dövrünün başlandığı Azərbaycan üçün bu xoş xəbər ölkəyə investisiyalar, sanballı gəlirlər axınını və onun siyasi maraqlarını vəd edir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində Azərbaycanın dünyanın geosiyasi aktoru kimi əhəmiyyətini bir daha sübut və təsdiq edir. Azərbaycan müasir dünyanın əsas geosiyasi aktorları ilə konstruktiv və etimada söykənən münasibətlər qurub və onları inkişaf etdirib”.
Müəllifin fikrincə, Azərbaycan İsrailin strateji müttəfiqi kimi bu gün beynəlxalq arenada mühüm yerə malikdir və Cənubi Qafqazda öz geosiyasi mövqelərini qoruyub saxlamaqda və inkişaf etdirməkdə davam edir: “Təsadüfi deyil ki, Cənubi Qafqaz regionunda ümumi daxili məhsulun 80 faizi Azərbaycanın payına düşür. Prezident Əliyevin balanslaşdırılmış, praqmatik və çoxvektorlu xarici siyasəti göstərir ki, ölkə özünün dəqiq və aydın mövqeyini dünya ictimaiyyətinə çatdıra bilib. Bütün energetika layihələri Azərbaycanın neft-qaz strategiyasının həqiqətən geosiyasi və geoiqtisadi nəticələr verdiyini, möhkəm regional tərəfdaşlıq və qarşılıqlı fəaliyyəti dəstəklədiyini, həmçinin Azərbaycanın milli iqtisadiyyatını gücləndirdiyini göstərir”.

https://www.jpost.com/Opinion/Gas-pipeline-confirms-Azerbaijans-significance-610340