Dekabrın 9-da Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycanın görkəmli hərbi və dövlət xadimi, artilleriya general-leytenantı, keçmiş rabitə naziri Hüseyn Rəsulbəyovun büstünün açılış mərasimi keçirilib.
Açılış mərasimində Dağıstanın və Azərbaycanın rəsmi şəxsləri, Quba, Qusar və Xaçmaz rayonlarının icra hakimiyyətlərinin başçıları, Dərbənd şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Dərbənd şəhər dairəsinin rəhbəri Xızrı Abakarov, Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidov, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri, Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərov, Azərbaycan Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev, diyarşünas alim, Dərbənd şəhərinin fəxri vətəndaşı Hüseynbala Hüseynov çıxış edərək, abidənin açılışını Dağıstan üçün unudulmaz hadisə adlandırıblar.
Bildirilib ki, dərbəndlilər hərb tarixində parlaq iz qoymuş, II Dünya müharibəsi zamanı Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın müdafiəsində iştirak etmiş cəsarətli və qətiyyətli zabit olan Hüseyn Rəsulbəyovla fəxr edirlər, görkəmli dövlət və hərb xadiminin xidmətlərini bu gün də ehtiramla yad edirlər. Hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinədək yüksəlmiş azərbaycanlı general-leytenant Hüseyn Rəsulbəyovun tarixi xidmətləri xatırlanıb, həyat və fəaliyyəti barədə ətraflı söhbət açılıb. Bildirilib ki, peşəkar hərbçi kadrların yetişdirilməsində mühüm xidmətləri olan Hüseyn Rəsulbəyovun şərəfli ömür yolu zabit və əsgərlər üçün gözəl nümunədir. Bu baxımdan onun həyat yolu, fəaliyyəti dərindən öyrənilməli, gənclər arasında geniş təbliğ olunmalıdır.
Dağıstan və Azərbaycan xalqlarının qədim tarixə malik dostluq əlaqələrindən danışan natiqlər ümummilli lider Heydər Əliyevin bu əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərini, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin inkişafına xüsusi önəm verdiklərini vurğulayıblar.
Akademik Cəmil Əliyev Azərbaycan Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Vladimir Putinə müharibə iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində səylərinə görə mərasim iştirakçıları adından minnətdarlığını bildirib: “Bu gün yalnız bizim ailəmiz üçün deyil, iki qardaş xalqın həyatında əlamətdar hadisə baş verir. Əziz dərbəndlilər, Hüseyn Rəsulbəyovun xatirəsinə göstərdiyiniz yüksək ehtirama görə hamınıza minnətdaram".
Daha sonra tədbir iştirakçılarının alqış sədaları altında büstün üzərindəki örtük götürülüb, abidənin önünə əklillər qoyulub, gül dəstələri düzülüb.
Xatırladaq ki, Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan Hüseyn Rəsulbəyov 1917-ci ildə Dərbənddə doğulub. F.Dzerjinski adına Qızıl Ordu Artilleriya Akademiyasını bitirən, sovet dönəmində hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinə yüksələn ilk və yeganə azərbaycanlı olub. 1975-ci ildə Azərbaycanın rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov ölkəmizin rabitə xidmətlərinin inkişafında, şəhər və kəndlərin telefonlaşdırılmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmləndirilməsində müstəsna xidmətlər göstərib.