Kiyevdəki Səməd Vurğun adına kitabxanada “Poeziya ilhama çağırır məni” adlı ədəbi gecə keçirilib.
Elm, mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, KİV təmsilçiləri, Kiyev şəhər 210 və 247 nömrəli orta məktəblərin şagirdlərinin iştirak etdiyi tədbirdə Azərbaycandan hədiyyə göndərilmiş kitabların təqdimatı da keçirilib.
Gecədə kitabxananın direktoru Qalina Çebotaryova, “Ukrayna Azərbaycanlıları Elmi Şurası” İctimai Təşkilatının sədri, Ukraynanın Əməkdar təhsil işçisi, hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Jurnalistlər İttifaqının üzvü Nikolay Vaskiv və Birləşmiş Azərbaycanlılar Konqresinin nümayəndəsi Hacı Əbülfəz Qasımov çıxış ediblər. Onlar qeyd ediblər ki, S.Vurğun adına kitabxana həm Ukraynada yaşayan soydaşlarımızın öz həmvətənlərinin əsərlərini oxuya bildikləri, həm də başqa millətlərin nümayəndələrinin Azərbaycan mədəniyyəti ilə tanış olduqları məkandır. Bu tədbir isə Ukrayna ilə Azərbaycan arasında mədəni dəyərlər mübadiləsinin yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, eləcə də Ukrayna yazıçısı və tərcüməçisi Dmitri Çistyakovun Ukrayna dilində ərsəyə gətirdikləri “І шляхом Істини постав я сам...” adlı Nəsimi poeziyası toplusu qarşılıqlı mədəni münasibətlərin inkişafında böyük addım adlandırılıb.
Professor Arif Quliyev “Elm və xalq diplomatiyası” adlı yeni kitabını da kitabxanaya hədiyyə edib.
Tədbirdə Azərbaycan şair və yazıçılarının yeni əsərlərini Ukraynaya göndərdiyinə görə UNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədovaya minnətdarlıq bildirilib.
Sonda 247 nömrəli məktəbin şagirdləri, müəllimləri Səfayə Naibovanın rəhbərliyi ilə, Azərbaycan mədəniyyətini təcəssüm etdirən kompozisiya təqdim ediblər.