“Avropa İrs Günləri” çərçivəsində Azərbaycanın Parisdəki Səfirliyinin Mədəniyyət Mərkəzində “açıq qapı” günü keçirilib. Tədbir Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) və Azərbaycan Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
ADFA-nın prezidenti Günel Səfərova ölkəmizin tarixi, mədəniyyəti haqqında ziyarətçilərə geniş məlumat verib. Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan İncəsənət və Tarix Muzeyində sərgilənən milli geyimlərimiz və ziynət əşyaları, qədim musiqi alətlərimiz, milli xalça növləri, sənətkarlıq nümunələri, mis qablar və digər qədim eksponatlar haqqında ətraflı məlumat çatdırılıb.
Həmçinin bildirilib ki, XIX əsrin əvvəllərində müstəqilliyini elan edən və müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətində qadınlara 100 il əvvəl səsvermə hüququ verilib. Keçən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyimiz yenidən bərpa edilib.
Ölkəmizin Beynəlxalq Sərgilər Bürosuna üzv olmasının 10 illiyinə həsr edilmiş və müstəqilliyimizin bərpasından sonra nail olduğumuz iqtisadi inkişafı əks etdirən fotosərgini ziyarətçilər maraqla qarşılayıb. Qərb və Şərq arasında körpü olan Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Bakı “Expo 2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürüb. Ölkəmiz 2000-ci ildən “Expo” hərəkatının fəal üzvüdür.
ADFA-nın vitse-prezidenti Loran Menil-Pultye isə Fransanın milli irs abidələri siyahısında olan Mədəniyyət Mərkəzinin binası və onun tarixindən bəhs edib. Daha sonra ADFA-nın fəaliyyətinə toxunan Loran Menil-Pultye deyib ki, Assosiasiyanın əsas məqsədi Azərbaycanın imicini Fransada təşviq etmək, Azərbaycanın zəngin tarixi və mədəniyyətini fransızlara çatdırmaqdır. Bildirib ki, hazırda Azərbaycanla Fransa arasında çox möhkəm və sağlam münasibətlər mövcuddur. ADFA-nın məqsədi bu münasibətləri hər iki ölkənin ictimaiyyətinə çatdırmaq və daha da inkişaf etməsinə töhfə verməkdir.
Təşkilatçılar ziyarətçilərin ölkəmizin tarixinə, mədəniyyətinə dair çoxsaylı suallarını cavablandırıblar. Maraqlananlara ölkəmizə səyahətlə bağlı məlumat da verilib. “Açıq qapı” günündə, həmçinin Azərbaycan xalq musiqiləri səsləndirilib, ziyarətçilərə Azərbaycan mədəniyyəti, Qız qalası haqqında Heydər Əliyev Fondunun nəşrləri, eləcə də “İRS” jurnalının fransız dilində çap olunmuş nömrəsi paylanılıb.
Qeyd edək ki, "Avropa İrs Günləri"nin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini “açıq qapı” formatında təmin etmək və milli mədəni irsi təbliğ etməkdən ibarətdir.