Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibliyində mətbuat konfransı keçirib. Konfransdan əvvəl Komitə sədri Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad edib. Komitə sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun 2018-2019-cu illərdəki fəaliyyətini təhlil edib, jurnalistlərin suallarını cavablandırıb.
O qeyd edib ki: “Diasporla iş Üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra qurumudur. Çalışırıq ki, dünyada yaşayan azərbaycanlılar milli və dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşsinlər. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil, qüdrətli Azərbaycan dövlətini öz yanında görsün. “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrinə uyğun olaraq ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısını hiss etsin..... Dövlət Komitəsinin əsasnaməsi ilə qarşıya qoyulan vəzifələr var. Bu vəzifələrə və dövlət başçımızın tapşırıqlarına uyğun olaraq ardıcıl fəaliyyət göstəririk. Bu yolda möhtərəm cənab prezidentimiz İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi xüsusi qeyd edilməlidir.”
Komitə sədri görülən işlər haqqında qısa məlumat verib və diqqətə çatdırıb ki, Diasporla İş üzrə Dövlət Komitəsinin “Strateji Yol Xəritəsi” hazırlanıb, Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb, ümumilikdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası təsis olunub, 2 dəfə Diaspor Gənclərinin Yay Düşərgəsi təşkil edilib, Komitənin internet televiziyası Diaspor TV, internet radiosu Diaspor FM yaradılıb, Komitənin İctimai Televiziya ilə birgə layihəsi çərçivəsində ayda 2 dəfə “Vətən uzaqda deyil” adlı verilişinin yayımı reallaşıb.
Fuad Muradov xaricdə açılan “Qarabağ” həftəsonu məktəbləri və Azərbaycan evləri, eləcə də müxtəlif qurumlarla qarşılıqlı əməkdaşlıq, ortaq layihələr, diasporun informasiya bazasının təkmilləşdirilməsi, “Azərbaycan Diaspor Könüllüləri” proqramı, soydaşlarımızın şəbəkələşməsi istiqamətində görülən işlər və s. məsələlər barədə geniş məlumat verib.
Daha sonra Komitə sədri çoxsaylı sualları cavablandırıb.