İsrail mətbuatında Azərbaycan haqqında yazı işıqlandırılıb

4 Dekabr, 2019

İsrailin “Yerusəlim Post” qəzetində Azərbaycan-İsrail münasibətlərində son dövrlərdə baş verən irəliləyişlərə dair məqalə nəşr edilib. Məqalədə qeyd edilir ki, Avrasiya regionunda heç bir ölkənin İsraillə Azərbaycandan daha yaxın strateji əlaqəsi olmadığı tarixi bir həqiqətdir. Dostluq və etimada söykənən Azərbaycan ilə İsrail arasındakı əməkdaşlıq ənənəsi beynəlxalq tərəfdaşlıq üçün bir nümunədir. Ən çətin dövrlərdə bu ölkələr həmişə birlikdə hərəkət etmiş və bir-birinə qarşılıqlı dəstək göstərmişlər. Hal-hazırda Azərbaycanda 16 mindən çox yəhudi yaşayır: Dağ yəhudiləri- təqribən 11000 (Bakıda 6000, Qubada 3,600 və digər bölgələrdə 1300); Aşkenazi yəhudiləri -4.300; və gürcü yəhudiləri- 700.
Azərbaycanda mövcud olan etnik icmalar respublikanın birliyini möhkəmləndirməyə və Azərbaycan mədəniyyətini dünya birliyinə təqdim etməyə kömək edərək öz ölkələrinin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Bu siyasətin prinsipləri Azərbaycanın müxtəlif dövlət qurumları, o cümlədən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə uğurla həyata keçirilir. Bu qurumun fəaliyyəti Azərbaycan və digər ölkələrin diasporları ilə əlaqələrin gücləndirilməsinə yönəlib. Yeni sədrin təyin olunması ilə Azərbaycan və digər diaspor icmaları ilə əlaqələr möhkəmləndirildi, 27 ölkədə Koordinasiya Şuraları təsis olundu, bir sıra beynəlxalq təşkilatlarla əlaqələr quruldu və s. Bundan başqa, mütəmadi olaraq digər ölkələrin nümayəndə heyətlərinin rəsmi səfərləri həyata keçirilir, bunlardan İsrail nümayəndə heyətlərinin səfərləri xüsusilə diqqətəlayiqdir. Məsələn, bu ilin oktyabr ayında “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının nümayəndələri Azərbaycana səfər etdilər. Səfər zamanı nümayəndə heyəti Şəhidlər Xiyabanı, Fəxri Xiyaban, Heydər Əliyev Mərkəzi, Bakı və Quba sinaqoqları və Dağ yəhudilərinin 1700-cü ildən bəri yaşadıqları “Qırmızı Qəsəbə” kimi məşhur tarixi, memarlıq və mədəniyyət abidələri ilə tanış olub. Bundan əlavə, bir sıra dövlət qurumlarında və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri arasında rəsmi görüşlər keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndə heyəti İsrailə tez-tez səfər edir. Nümayəndə heyətinin son səfəri yəhudi təşkilatları ilə mövcud əlaqələri gücləndirmək, Azərbaycan və İsrail icması ilə görüşmək məqsədi daşıyırdı.
Dövlət Komitəsinin nümayəndələri həm də Azərbaycanın “Yağ kimi” komandasının qalib gəldiyi “İsrail Gülüş Liqası”nda da iştirak ediblər. İsrailə səfər çərçivəsində nümayəndə heyəti Akko şəhərindəki “Modkon” şirkətini ziyarət edib. Komitə sədri “Modkon” şirkətinin prezidenti Qreqori Şaxnovski ilə görüşüb. Görüşdə Azərbaycan diasporunun siyasəti, Dövlət Komitəsi tərəfindən həyata keçirilən layihələr, xaricdə yaşayan icmalarla əlaqələr barədə məlumat verib. Bildirib ki, Komitənin məqsədlərindən biri həmvətənlərimizi vətəndəki iş imkanları ilə tanış etmək və yaşadıqları ölkələrə, o cümlədən İsrailə daha sıx inteqrasiya etmələrini təşviq etməkdir.
Fuad Muradov, həmçinin Knessetin deputatı Mark İfraimov ilə də görüşüb. Görüşdə Milli Məclisin deputatı Rauf Əliyev və “Bizim ev – İsrail” partiyasının direktoru Inna Zilberqers də iştirak ediblər.
Bundan başqa, nümayəndə heyəti Akko və ətraf şəhərlərdə yaşayan azərbaycanlı icması ilə də görüşüb. Görüşdə icma üzvlərinə dövlətin diaspor siyasəti, həyata keçirilən layihələr, Azərbaycan diasporunun birləşdirilməsi istiqamətində görülən işlər, diaspor təşkilatlarının dövlətlərarası münasibətlərdə rolu və Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması barədə ətraflı məlumat verilib.
Təl-Əvivdə Azİz -in III qurultayı keçirilib. Təşkilatın sədri Lev Spivak, konfrans iştirakçılarına ona göstərilən etimada görə təşəkkür edib və gələcək fəaliyyətlərində hər kəsə uğurlar arzulayıb.
Bundan sonra Dövlət Komitəsinin nümayəndə heyəti İsrail-Azərbaycan Hökumətlərarası Komissiyanın sədri və Ətraf Mühitin Mühafizəsi naziri Zeev Elkin ilə birlikdə İsrail Xarici İşlər Nazirliyinin Avrasiya 2 İdarəsinin direktoru səfir İzhak Carmel Kagan ilə də görüşüb. Fuad Muradov Azərbaycan-İsrail münasibətlərinin böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib. Eyni zamanda, bu əlaqələrin davamlılığını qoruyub-saxlamaqda Azərbaycan Yəhudi icmasının rolunun vacibliyini qeyd edib.
Görüşün sonunda Komitə sədri İsrail dövləti ilə dostluq və sıx əməkdaşlıq ənənələrinin davam etdiriləcəyinə əminliyini ifadə edib.
Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq olar.

https://www.jpost.com/Opinion/Recent-strides-made-in-Azerbaijani-Israeli-relations-609631