Niderlandın Rotterdam şəhərində “Bitməyən əzab” sənədli filminin təqdimatı keçirilib.
Təqdimat mərasimi Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Diasporuna Dəstək Fondu, Benelüks Azərbaycanlıları Konqresi və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
“Marriot-Rotterdam” otelində təşkil olunmuş tədbirdə Niderlandda yaşayan azərbaycanlılar və türklərlə yanaşı, burada fəaliyyət göstərən yəhudi, yunan, özbək və pakistanlı icmaların, Baltikyanı və digər ölkələrin təmsilçiləri, eləcə də yerli və Azərbaycan KİV-lərinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın dövlət himninin səsləndirilməsilə başlanıb.
Sonra Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov, Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri - layihə rəhbəri Rada Abbas, Niderland-Türk Federasiyasının rəhbəri Murat Gedik və digərləri çıxış ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin tarixi, torpaqlarımızın işğalı, xalqımızın məruz qaldığı vandalizm, işgəncə, qətl və soyqırımı faktları, etnik təmizləmə, yandırılmış ərazilərimiz, bu istiqamətdə məlumatların dünya birliyinin diqqətinə çatdırılması, ölkəmizin sülhsevər səylərinə baxmayaraq, Ermənistanın destruktiv mövqeyinin münaqişənin həllinə mane olması barədə ətraflı məlumat veriblər.
Dövlət Komissiyasının arxiv materialları və sənədli faktları əsasında çəkilmiş belə filmlərin daha çox hazırlanmasının, bütün dünyada yayımlanmasının, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının, xüsusən fundamental insan hüquqlarının qorunmasının beşiyi hesab edilən, Beynəlxalq İnsan Haqları Məhkəməsinin yerləşdiyi Niderlandda Azərbaycan həqiqətlərinin təbliğinin əhəmiyyətinə toxunulub. Bu vasitələrlə erməni vəhşiliyi barədə gələcək nəsillərimizi və beynəlxalq ictimaiyyəti məlumatlandırmağın zəruriliyi qeyd edilib, azərbaycanlıların üzləşdikləri zülm və işgəncələri törədənlərin ədalət qarısında mütləq cavab verməli olacaqları vurğulanıb.
Çıxış edənlər bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş diaspor quruculuğu dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkəmizin son illərdə bu sahədə əldə etdiyi nailiyyətlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri olduğu vurğulanıb. Qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir.
Sonra “Bitməyən əzab” sənədli filmi nümayiş olunub.
Filmin nümayişindən sonra Mayisə Ağamirzəyeva Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun 2019-cu il 3 oktyabr tarixli XVI illik iclasının plenar sessiyasındakı çıxışını xatırladıb. O, deyib ki, dövlət başçımızın həmin sessiyadada nümayiş etdirdiyi qətiyyətli mövqe, diqqəti Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə yönəldərək, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi dörd qətnamənin 25 ildən bəri yerinə yetirilmədiyini vurğulaması, “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatı bütün dünyada yaşayan soydaşlarımızın ürəyindən xəbər verib və böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Diasporumuzun üzvləri Prezident İlham Əliyevin hücum diplomatiyası tövsiyəsini bir daha yada salaraq, bu istiqamətdə bundan sonra da əzmlə çalışacaqlarını, Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılması üçün səylərini əsirgəməyəcəklərini, daim müstəqil dövlətimizin və onun başçısının ətrafında sıx birləşəcəklərini bildiriblər.