Azərbaycan rəqslərinin əfsanəvi ifaçısı, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyi münasibətilə onun həyat və yaradıcılığından bəhs edən kitab ABŞ Konqresinin kitabxanasında qeydiyyata alınıb. 2009-cu ildə yazılan kitabın müəllifləri Azər Allahverənov və Kərim Kərimlidir.
Əminə xanımın ABŞ-da yaşayan qızı - Florida Texnoloji Universitetinin müsiqi kafedrasının professoru, Azərbaycan-Amerika mədəni assosiasiyasının mədəniyyət və təhsil üzrə direktoru Pərvin Muradova bildirib ki, bununla əlaqədar ABŞ Konqresinin kitabxanasından minnətdarlıq məktubu alıblar: "Bu, çox vacib və xoş hadisədir. Hesab edirəm ki, bu, təkcə bizim ailəmizin deyil, bütün Azərbaycan xalqının və onun milli incəsənətinin böyük qələbəsidir".
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Bakıda ilin sonuna qədər Əminə Dilbazinin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi və silsilə tədbirlər keçiriləcəkdir. Tədbirlərdə ABŞ və digər ölkələrdən də mədəniyyət və incəsənət xadimlərinin iştirakı gözlənilir.
P.Muradovanın sözlərinə görə, gərgin iş qrafikinə baxmayaraq, həmin tədbirlərə rus mənşəli amerikalı bəstəkar və pianoçu Aleksandr Peskanov da qatılacaq. Onun Ə.Dilbazinin xatirəsinə həsr etdiyi, muğam və xalq melodiyalarının əks olunduğu "Azərbaycan rapsodiyası" əsəri azərbaycanlı pianoçu Cavid Yusifzadənin və simfonik orkestrin ifasında səsləndiriləcək.
Pianoçu və pedaqoq kimi ənənəvi və simfonik müsiqimizin fəal təbliğatçısı olan soydaşımız bu layihənin belə qısa müddət ərzində gerçəkləşdirilməsini dəstəkləyən hər kəsə minnətdarlığını bildirib.