İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Sevilya üzrə əlaqələndiricisi Yaqut Novruzovanın yerli “centrohistorico.info” xəbər portalında müsahibəsi dərc edilib.
““Sevilya” – “Qarabağ” futbol klublarının oyun öncəsi: "Azərbaycanlılar Andalus xalqı ilə çox yaxın olduqlarını hiss edirlər" başlıqlı müsahibədə Y.Novruzova bildirib ki, İspaniyada yaşayan azərbaycanlılar öz köklərinə çox yaxın olsalar da, ispan cəmiyyətinə də sıx inteqrasiya olurlar: “Həm Diasporla İş üzrə Dövlət Komitəsi, həm də Azərbaycanın İspaniya Krallığındakı səfirliyi iki xalqı birgə tədbirlər ("Dinlər, mədəniyyətlər və etnik qruplar arasında sülhə və bərabər yaşamağa həsr olunmuş günlər", "Sevilya Universitetində Azərbaycan mədəniyyəti günləri” və s.) vasitəsilə bir araya gətirməyə çalışırlar”.
O, qeyd edib ki, Andalusiya mədəniyyəti və müsəlman mədəniyyəti arasında bənzərlik var. Buna görə də azərbaycanlılar Andalus xalqı ilə yaxın münasibət qurur: “Biz Andalusiyada özümüzü daha rahat hiss edirik”.
Soydaşımız əlavə edib ki, xalqlarımız adət-ənənə, mətbəx və musiqi baxımından da bir-birinə çox oxşardır.