Rusiya Federasiyasında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti noyabr ayının 27-də MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri ilə görüşüb.
Görüşdə Agentliyin rəhbəri Eleonora Mitrofanova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Danışıqlar zamanı Dövlət Komitəsinin sədri F.Muradov ölkələrimiz arasında möhkəm qonşuluq və dostluq ənənələrinin, strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edərək, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən həftə Rusiyaya rəsmi səfər etdiyini xatırladıb. Azərbaycanın ali qonağının Prezident Vladimir Putin, Baş nazir Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən qəbul edilməsi, ona “Dostluq” ordeninin təqdim edilməsi, Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri sərgisindəki yeniləşmiş “Azərbaycan” pavilyonunun açılış mərasimində iştirak etməsi kimi hadisələrin xalqımızda və Rusiyada yaşayan soydaşlarımızda böyük qürur hissi doğurduğunu vurğulayıb.
Azərbaycanda rus mədəniyyətinə və rus dilinə böyük diqqət yetirildiyi, multikultural dəyərlərə yüksək önəm verildiyi, ölkəmizdə Rusiya diasporunun fəaliyyət göstərdiyi bir daha nəzərə çatdırılıb.
Komitə sədri dövlətimizin diaspor siyasəti, rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dünyada yaşayan azərbaycanlıların ilk qurultayının Bakıda keçirildiyi və bu ənənənin mütəmadi xarakter aldığı, bir çox ölkələrdə azərbaycanlıların Koordinasiya Şuralarının yaradıldığı, soydaşlarımızın yaşadıqları ölkələrin vətəndaş cəmiyyətinə sıx inteqrasiya olunmasının təşviq edildiyi barədə məlumat verib.
Rusiyada yaşayan soydaşlarımızın çox fəal olduqları, bu ölkənin siyasi, iqtisadi, elm, mədəniyyət, incəsənət sahələrində və ictimai həyatında nailiyyətlər qazanmaqla cəmiyyətin inkişafına böyük töhfələr bəxş etdikləri, qanunvericiliyə riayət etdikləri və cəmiyyət arasında nümunəvi davranış sərgilədikləri vurğulanıb.
E.Mitrofanova Federal Agentliyin fəaliyyəti, xaricdə yaşayan soydaşlarla qurulan münasibətlər, onların həyata keçirdikləri layihələrin dəstəklənməsi barədə ətraflı məlumat verib və Dövlət Komitəsi ilə birgə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.