Batumidə Beynəlxalq Gənclər Forumu “Dialoq-2019” (“İnternational Youth Forum Dialogue-2019”) keçirilib.
Gənclər Regional Mərkəzinin (“Youth Regional Center”) təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirə Gürcüstan, Azərbaycan, Ukrayna, Slovakiya, Albaniya, Türkiyə, Hindistan, Yunanıstan, Serbiya və s. ölkələrin nümayəndələri qatılıblar. Forumda Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ceyhun Fərəcov da iştirak edib.
Tədbirin əsas məqsədi müxtəlif yaş qruplarından, millətlərdən və dinlərdən olan gənclərin bir araya gətirilməsi, onların arasında dostluq münasibətlərinin qurulması, müxtəlif mədəniyyətlərlə tanışlığa və təcrübə mübadiləsinə yardımdır.
Dialoq zamanı əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, gənclərə kömək göstərilməsi və buna dair müxtəlif istiqamətlərin öyrənilməsi məsələləri müzakirə edilib. Müzakirələrdə Dövlət Komitəsinin nümayəndəsi fəal iştirak edib və Azərbaycan diasporunun gənc üzvlərinin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, "Gənclər Regional Mərkəzi" müxtəlif ölkələrin gənclərinin dialoqu üçün platforma yaratmaq, səmərəli ünsiyyəti təşviq etmək, problemlərin birgə həll edilməsi və mövcud gənclər siyasəti barədə fikir mübadiləsi aparmaq məqsədi daşıyan forumdur.