İsrailə səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Knessetin deputatı Mark İfraimov ilə görüşüb. Görüşdə Milli Məclisin deputatı Rauf Əliyev və “Bizim ev – İsrail” partiyasının direktoru Inna Zilberqers də iştirak ediblər.
Dövlət Komitəsinin sədri 2019-cu ilin sentyabrında keçirilən seçkilərdə qazandığı qələbə münasibətilə israilli deputatı təbrik edib. Danışıqlar zamanı Azərbaycanın diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyəti, ölkələrimiz arasındakı sıx əməkdaşlıq əlaqələri, strateji tərəfdaşlıq, Knessetdə Azərbaycanın səsinin daha çox eşidilməsi barədə fikir mübadiləsi aparılıb.
F.Muradov İsraildə fəaliyyət göstərən 3 diaspor təşkilatı, onların həyata keçirdikləri layihələr barədə M.İfraimovu məlumatlandırıb. Ötən ay İsrailin bir neçə şəhərinin mer və müavinlərindən ibarət böyük nümayəndə heyətinin Azərbaycana rəsmi səfər etdiyini xatırladan komitə sədri bu cür təmasların daha çox və intensiv təşkil olunması istəyini diqqətə çatdırıb.
Görüşün sonunda Mark İfraimova və İnna Zilberqersə Azərbaycan tarixinə və mədəniyyətinə dair kitab və suvenirlər hədiyyə edilib.