Niderlandın Rotterdam şəhərində Azərbaycan klassik poeziyasının görkəmli nümayəndələrindən biri olan İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə kecirilib.
Tədbir Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və onun nəzdində fəaliyyət göstərən Şimali Hollandiya Azərbaycanlıları Birliyinin təşkilatcılıgı ilə gerçəkləşib.
Gecədə BAK sədri Elsevər Məmmədov, BAK sədrinin müavini Sima Cəfərova və başqaları çıxış edərək, İmadəddin Nəsimini dünya mədəniyyətinə bəxş edilən qüdrətli söz ustası adlandırıblar. Qeyd edilib ki, şair Şərqin zəngin mədəni-mənəvi dəyərlərindən bəhrələnərək söz sənətinin son dərəcə qiymətli incilərini yaratmağa nail olub. Onun dünya poeziyasının ən kamil nümunələri sırasında özünəməxsus yer tutan əsərlərində insanın əzəmətini, məhəbbətini və azadlığını tərənnüm etdiyi, adının həqiqət, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşdiyi, əsrlər boyu yaddaşlarda qaldığı vurğulanıb.
Tədbirdə Böyük Britaniyada yaşayan azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusufun “Sığmazam” kompozisiyası səslənib. Gecə Hollandiyada yaşayan musiqiçi soydaşlarımız İlham Babayevin, Sadig Agamaliyevin və Cavid Səlimovun şairin qəzəlləri əsasında hazırladıqları musiqi nömrələrinin təqdimatı ilə başa çatıb.