Rusiyada yaşayan azərbaycanlı alimlər Elmar Musayev və Zahid Qocayev elmi karyeralarında yeni uğura nail olublar. E.Musayev Rusiya Elmlər Akademiyasının (REA) fiziologiya elmləri bölməsinin, Z.Qocayev isə kənd təsərrüfatı elmləri bölməsinin müxbir üzvü seçiliblər.
Onkologiya üzrə tanınmış mütəxəssislərdən olan E.Musayev 1993-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Sonra həmvətənimiz həkim və alim kimi karyerasını Rusiyanın N.Bloxin adına onkoloji elmi mərkəzində davam etdirib. 2006-cı ildən yaradılan vertebral cərrahiyyə şöbəsinə rəhbərlik edir. 2016-cı ildə REA-nın professor fəxri adını alıb. O, dəfələrlə beynəlxalq simpoziumlarda (ISOLS, EMSOS, Global Spine Congress və sair) məruzə və mühazirələrlə çıxış edib, onkoloji əməliyyatlar Atlasının həmmüəlliflərindən biridir.
Kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə tanınmış mütəxəssis olan Zahid Qocayev elmi karyerasını N.Bauman adına Mockva Ali Texniki Məktəbində, elmi-tədqiqat institutunda davam etdirib, müxtəlif müəssisələrə başçılıq edib. 150-dən çox elmi işi, monoqrafiyaları, ixtiraları var. Maşınqayırma, tətbiqi riyaziyyat və informatika üzrə bir sıra dərsliklərin müəllifidir. Son illərdə “İntellektual maşın texnologiyaları”nın yaranması, eləcə də nanotexnologiyanın maşınqayırma sahəsində tətbiqi üzrə layihələrə rəhbərlik edir.
Hər iki soydaşımız Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətində yaxından iştirak edib. Elmar Musayev 2017-ci ilə qədər Ümumrusiya Azərbaycanlıları Konqresinin Mərkəzi Şurasının üzvü olub və diaspor hərəkatına verdiyi töhfəyə görə 2016-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Z.Qocayev Rusiyada Azərbaycan diasporunun formalaşmasında yaxından iştirak edib. “Azərbaycan Vətəndaş Assambleyası” Ümumrusiya ictimai birliyinin vitse-prezidenti və prezidenti, Rusiya Federasiyasının milli-mədəni muxtariyyətləri üzrə Məşvərət Şurasının üzvü, 1994-1996-cı illərdə Prezident yanında İctimai Palatanın üzvü, 1999-2005-ci illərdə “Rusiyanın Milli Birlikləri Konqresinin” rəyasət heyətinin sədri, Kremldəki “Vətəndaş Forumu”nun hazırlanması üzrə Təşkilat Komitəsinin üzvü olub. Rusiya mediasında vaxtaşırı millətlərarası münasibətlərin harmoniyası məsələləri barədə məqalələrlə çıxış edir.
Diasporla İş üzrə Dövlət Komitəsinin təhbərliyi və kollektivi hər iki soydaşımızı bu nailiyyət münasibətilə təbrik edir və elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır.