Finlandiyanın paytaxtı Helsinki şəhərində Azərbaycanın görkəmli ədibi Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş “Mən bir susmaz duyğuyam ki” adlı tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi və Azər-Türk Gənclər Birliyinin sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Helsinkidə yaşayan soydaşlarımız, yerli ictimaiyyətin, rus və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Qonaqların arasında Cəfər Cabbarlının nəvəsi, yazıçı Seyfəddin Dağlının qızı Qəmər Bağırova, Azərbaycan mədəniyyətini və musiqisini Finlandiyada fəal təbliğ edən, bu ölkənin Kokkolo şəhərinin fəxri vətəndaşı, musiqi mədəniyyətinin inkişafına töhfəsinə görə 2003-cü ildə Kokkolo şəhərinin medalına və fin maarifpərvəri Anti Çudenius adına fəxri medala layiq görülmüş Cahangir Ələkbərov və həyat yoldaşı Natella Ələkbərova (Azərbaycan bəstəkarı Rauf Hacıyevin qızı) olublar.
Ədibin həyat və yaradıcılığı barədə onun nəvəsi, Bakıdakı ev-muzeyinin direktoru, "C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım" ictimai biriyinin prezidenti Qəmər Bağırova ətraflı məlumat verib. Xalqımızın görkəmli övladı haqqında videoçarx nümayiş olunub. Azərbaycanın Əməkdar artisti Rəşad İlyasov onun şeirlərinə bəstələnmiş mahnılar ifa edib. Müğənninin çıxışını İsveçdən gələn “Qarabağ” rəqs qrupunun üzvləri müşayiət ediblər.
Sonda Q.Bağırova "Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım" ictimai biriyinin adından Finlandiyada Azərbaycan mədəni əlaqələrinin inkişafının və Azərbaycan ədəbiyyatının təbliğində göstərdiyi xidmətlərə görə Ü.Cabbarovanı xüsusi diplomla təltif edib.
Ü.Cabbarova isə Azər-Türk Gənclər Birliyinin adından Emil Mahaneni, Mona Sovajifarı, Nəzrin Ələkbərlini və Nuray Jasmin Turuneni yubiley tədbirində fəal iştiraklarına görə sertifikatla təltif edib.