Ukraynaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Odessa şəhərindəki Azərbaycan icmasının üzvləri ilə görüşü keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli çıxış edib. O, Dövlət Komitəsinin sədri Fuad Muradovun tədbir iştirakçılarına salamlarını çatdıraraq, ölkəmizin diaspor siyasətindən, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil şəkildə fəaliyyət göstərmələri istiqamətində atılan addımlardan söz açıb. Dövlət Komitəsinin iri miqyaslı layihələri, Diaspor TV, Diaspor FM, Diaspor Gənclərinin Yay Düşərgələri, Azərbaycan Diasporuna Dəstək Fondu barədə ətraflı məlumat verib.
Xarici ölkələrdə yaşayan soydaşlarımızın yüksək təhsil almasının vacibliyi, “Qarabağ” həftəsonu məktəblərinin açılması, Komitənin təşəbbüsü ilə “Azərbaycan dili” kitabının hazırlanması, diaspor xəritəsi vasitəsilə azərbaycanlıların biri-birilə ünsiyyət qura biləcəyinin mümkünlüyü, “Vətən uzaqda deyil” proqramının mahiyyəti və missiyası icma üzvlərinin diqqətinə çatdırılıb.
Dövlət Komitəsi sədrinin xaricə səfərlərinin əhatə dairəsinin genişləndiyi, Azərbaycan diasporu ilə görüşlərin intensivləşdiyi, diasporun fəaliyyətində keyfiyyət göstəricilərinin yüksəldiyi, soydaşlarımızın birliyinin yaranması və möhkəmləndirilməsi yolunda mühüm addımların atıldığı, Koordinasiya Şuralarının yaradılmasının məqsədi, azərbaycanlıların təşkilatlanmasında bu institutun xüsusi rol oynadığı vurğulanıb.
Çıxışlar zamanı Ukraynadakı diasporumuzun fəaliyyətinə yüksək qiymət verilib. Burada çoxlu sayda azərbaycanlıların yaşadığı, onların təşkilatlanması baxımından mühüm addımlar atıldığı bildirilib.
İcma nümayəndələri Dövlət Komitəsinin diasporla bağlı gördüyü işləri, nümayəndə heyətinin Odessaya gəlməsini və ilk dəfə azərbaycanlı icmanın üzvlərilə görüş keçirilməsini müsbət dəyərləndiriblər. İcmaya göstərilən bu diqqətə görə Komitəyə minnətdarlıq ifadə olunub.
Görüş zamanı soydaşlarımızın təklifləri və problemləri dinlənilib, onların həlli ilə bağlı addımların atılacağı nəzərə çatdırılıb.