“Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçısı Sahibə Musayeva 6-9 noyabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “II Dünya müharibəsi: sülh naminə həqiqətlər” (“World War II : Truth for Peace”) adlı beynəlxalq konfransda iştirak edib. Konfrans Rusiya Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının Dövlət Dumasının dəstəyi, eləcə də “Rossotrudnichestvo” Federal agentliyinin təşkilatçılığı ilə baş tutub. S.Musayeva konfransın 1-ci günü “II Dünya müharibəsi tarixinin müasir təhrif meylləri” (“Modern trends of distortion of the history of World War II”) adlı paneldə “Место и роль Азербайджана в Великой Отечественной войне" mövzusunda çıxış edib, müharibə iştirakçısı olan babası general Tərlan Əliyarbəyov haqqında maraqlı məruzə edib. Konfrans çərçivəsində Kremlə, Qələbə Muzeyinə və bir sıra tarixi yerlərə ziyarət də təşkil olunub.
Konfransda Dövlət Duması nəzdində Gənclər Parlamentinin direktoru Mariya Voropoevaya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi adından “Qarabağ Əsrlərin Salnaməsi”, “Qarabağ xalçaları” və “Azərbaycanın mədəni irsi” adlı kitablar hədiyyə edilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.