Odessa Ədəbiyyat muzeyində görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyənin Odessadakı konsulluğunun, Odessa meriyasının, şəhər ictimaiyyətinin nümayəndələri, media mənsubları, Azərbaycan diasporunun və müxtəlif icmaların üzvləri iştirak ediblər.
Ukrayna və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsilə başlayan tədbirdə Nəsiminin həyat və yaradıcılığından danışılıb, "Böyük Nəsimi" adlanan videoçarx, Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusufun Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahanə sığmazam" qəzəli əsasında bəstələdiyi musiqi kompozisiyası nümayiş olunub.
Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını tədbir iştirakçılarına çatdıran şöbə müdiri Ruslan Quliyev azərbaycanlı icmasının Odessadakı fəaliyyətini, böyük Azərbaycan şairinin yubileyinin burada qeyd olunmasını, yerli ictimaiyyətin Nəsimi yaradıcılığına göstərdiyi maraq və ehtiramı yüksək qiymətləndirib. O, Ukrayna və Azərbaycan xalqları arasında mövcud olan yaxın dostluq münasibətlərinin inkişafından və perspektivlərindən danışıb.
Tədbir çərçivəsində təşkil edilən Azərbaycan guşəsində milli mətbəximizin nümunələri təqdim olunub.