Türkiyənin Manisa şəhərində bu münasibətlə təntənəli mərasim təşkil olunub. Mərasimdə Manisa valisi Camal Hüsnü Çaykara, Böyükşəhər Bələdiyyəsinin sədr müavini Mehmet Güzgülü, Şahzadələr Bələdiyyəsinin sədri Ömər Faruk Çelik, siyasi partiyaların yerli təşkilatlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
İki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycan və Türkiyənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Yalçın Taşdemir təşkilatın 29 oktyabr 2003-cü ildə yaradıldığını xatırladıb. Qeyd edilib ki, məqsəd – Azərbaycanın milli adət-ənənələrinin yaşadılması, gələcək nəsillərə ötürülməsi, xalqımızın Ümumilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” konsepsiyası əsasında iki qardaş xalq arasında mövcud yüksək əlaqələrə töhfə verməkdir. Mərasimin Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci və Türkiyə Cumhuriyyətinin 96-cı ilində keçirilməsi əlamətdar hadisə adlandırılıb.
Türkiyə və Azərbaycanın tarixin ən mürəkkəb dövrlərində biri-birinə dəstək olduqlarını vurğulayan dərnək sədri böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikrini xatırladaraq, müxtəlif beynəlxalq və regional məsələlərdə Azərbaycanla Turkiyənin ortaq mövqedən çıxış etməsini bir-birinə qarşılıqlı dəstəyin təzahürü kimi qiymətləndirib. Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin bundan sonra daha da dərinləşməsi və inkişaf etdirilməsi istiqamətində səylərin artırılacağı ifadə edilib.