Vyanada Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyanın Əcnəbilər və Sığınacaq Məsələləri üzrə Federal İdarəsinin direktoru Qerhard Rayşerlə görüşü keçirilib.
Görüşdə Dövlət Komitəsinin sədri Fuad Muradov Avstriyaya səfərin məqsədləri və burada keçirilmiş görüşlər barədə danışıb. İki ölkə arasında siyasi, iqdisadi, humanitar və mədəni əlaqələrin inkişaf dinamikasına nəzər salıb. Azərbaycanda dahi bəstəkar Amadey Volfqanq Motsarta, Vyanada isə professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyova abidələr ucaldılması, beynəlxalq münasibətlərdə Avstriyanın mühüm rol oynaması, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsi məsələlərini məmnunluqla qeyd edib.
Komitə sədri federal idarənin direktorunun diqqətini dövlətimizin apardığı diaspor siyasətinə cəlb edib. Azərbaycanda diaspor hərəkatının Ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənməsi nəticəsində müvafiq institutun yaradıldığını, son illərdə bu hərəkatın yeni inkişaf müstəvisinə çıxdığını, dünyanın 50-yə yaxın ölkəsində Azərbaycanın 500-dən artıq diaspor təşkilatının mövcud olduğunu qeyd edib. Bildirib ki, Dövlət Komitəsi müxtəlif ölkələrdə fəaliyyət göstərən müvafiq institutlarla anlaşma memorandumu imzalayıb və gələcəkdə belə sənədin Avstriyanın Əcnəbilər və Sığınacaq Məsələləri üzrə Federal İdarəsi ilə də imzalana biləcəyi istisna deyil.
Tərəflər iki təşkilat arasında işgüzar münasibətlərin yaranmasında Azərbaycanın Avstriyadakı səfirliyinin rolunu yüksək qiymətləndiriblər və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.
Görüşdə ölkəmizin Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov da iştirak edib.