Zalsburqda ölkəmizin Fəxri Konsulluğu açılıb

14 noyabr 2019

Avstriyanın Zalsburq şəhərində Azərbaycanın Fəxri Konsulluğunun açılış mərasimi keçirilib. Konsulluq Tirol, Forarlberq və Zalsburq federal vilayətlərini əhatə edir.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, Zalsburq vilayətinin qubernatoru Vilfrid Haslauer, Tirol, Forarlberq və Zalsburq federal vilayətləri üzrə Azərbaycanın fəxri konsulu Mixael Haynrits, diplomatlar, ölkənin ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərasim azərbaycanlı müsiqiçilərin ifasında Avstriyanın və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsilə başlayıb.

Tədbirdə çıxış edən M.Haynrits, Q.İsrafilov və F.Muradov bildiriblər ki, Zalsburq, Tirol və Forarlberqdə fəxri konsulluğun açılması zəngin iqtisadiyyata, tarixə və mədəni irsə malik olan ölkələrimiz arasında əlaqələrin, eləcə də Azərbaycan diasporunun inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Natiqlər fəxri konsulluq institutunun yaradılmasını Prezident İlham Əliyevin iki dövlət arasında münasibətlərin daha da gücləndirilməsinə dair tapşırıqlarının yüksək səviyyədə icra olunmasının nəticəsi kimi dəyərləndiriblər və fəxri konsulluğa gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Tədbir Azərbaycan xalq və bəstəkar mahnılarından ibarət konsert proqramı ilə yekunlaşıb. Proqram Avstriyada yaşayan azərbaycanlı bəstəkar Abuzər Manafzadə və onun xanımı Karen Danger-Manafzadənin ifasında təqdim olunub.