Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) ofisinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov, Türkiyənin Vyana şəhərindəki baş konsulu Asip Kaya, türkdilli ölkələrin səfirliklərinin təmsilçiləri, Azərbaycan və Türkiyənin diaspor fəalları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxışı zamanı Fuad Muradov xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsində və təşkilatlanmasında mədəniyyət mərkəzlərinin və Azərbaycan evlərinin böyük əhəmiyyət daşıdığını söyləyib. O, bildirib ki, artıq bu ilin sonuna qədər 11 ölkədə Azərbaycan Evi fəaliyyət göstərməyə başlayacaq, gələn il isə 8 ölkədə Azərbaycan Evi açılacaq. Bu mərkəzlərin milli-mədəni dəyərlərin yaşadılması, yerli ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılması işlərində daha mühüm rol oynayacağına ümid etdiyini bildirib. Azərbaycanın əzəli torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və Qarabağ haqqında gerçəklərin dünya ictimaiyyətinə çatdırılması işində diaspor fəallarına uğurlar arzulayıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün ötən ay Bakıda keçirildiyini xatırladan komitə sədri sözügedən ölkələrin diaspor təşkilatları arasında birgə əməkdaşlığın önəmini vurğulayıb.
Qalib İsrafilov Avstriyadakı Azərbaycan diasporunun aparıcı qüvvələrindən biri olan AZER-DER-in fəaliyyətindən bəhs edib. Qeyd edib ki, AZER-DER təkcə azərbaycanlı icmasının deyil, eyni zamanda, türkdilli ölkələrdən Avstriyaya gəlmiş insanların sevimli məkanıdır. Burada tez-tez müxtəlif tədbirlər, milli bayramlar, uşaq və böyüklər üçün kurslar təşkil olunur. O, təşkilatın rəhbəri Yardım Günəşə və təşkilatın fəallarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Asip Kaya Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət göstərməsindən məmnunluq ifadə edib və Vyanada da diaspor təşkilatlarımız arasında sıx əməkdaşlığın mövcud olduğunu bildirib.