Noyabrın 10-da Kanadanın Toronto şəhərində azərbaycanlı icmasının etiraz aksiyası keçirilib.
Şəhərin mərkəzində baş tutan aksiyada Kanadada yaşayan və təhsil alan 100 nəfərə yaxın soydaşımız, diaspor nümayəndələri iştirak ediblər. Onlar işğal olunmuş torpaqlarımızda qeyri-qanuni fəaliyyət göstərən qondarma rejimin bayrağının Torontonun Skarboro rayonunun mərkəzində yerləşən erməni kilsəsinin və erməni gənclər evinin qarşısında asılmasına bir daha sərt etirazlarını bildiriblər.
Aksiya iştirakçıları əllərində üçrəngli dövlət bayrağımızı, eləcə də "Erməni vəhşiliyinə son!", "Kilsə önündən qondarma bayraq endirilsin", "Qarabağa ədalət!", "Qarabağ Azərbaycandır!" və başqa şüarlar yazılmış plakatlar qaldırıblar.
Tədbirdə çıxış edən soydaşlarımız erməni qəsbkarlarının xalqımızın başına gətirdikləri məkrli oyunlardan, onların törətdikləri Xocalı soyqırımından, insanlığa qarşı olan bu cinayətin dünya ictimaiyyətinə çatdırılması üçün aparılan işlərdən bəhs ediblər.
Aksiyanın sonunda yerli sakinlərə Qarabağın Azərbaycana məxsus olmasından bəhs edən kitabçalar və açıqcalar təqdim edilib.
Xatırladaq ki, bir müddət əvvəl erməni təxribatının qarşısının alınması məqsədilə Kanada Azərbaycanlıları Təşkilatları Assosiasiyası Torontonun rəsmi qurumlarına etiraz məktubu ilə müraciət edib.