Xarəzm vilayətinin Urgənc şəhərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində “Əbədi dostluğumuz” adlı sərginin açılış mərasimi keçirilib.
Dövlət Dram Teatrında baş tutan tədbirdə Xarəzm vilayətinin hakimi Fərxad Ermanov, Azərbaycanın nümayəndə heyəti, hər iki ölkənin tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi “Əbədi dostluğumuz” adlı sərgidə üçrəngli dövlət bayrağımız, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlara, tarix və mədəniyyətimizə həsr olunmuş kitablar, Azərbaycan həqiqətlərinə dair Heydər Əliyev Fondunun rus və ingilis dillərində çap etdirdiyi nəşrlər, ölkəmizin turizm potensialını əks etdirən fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlər nümayiş etdirilib.
Sonra “Qarabağ şikəstəsi” zərb muğamının sədaları altında Urgənc Dövlət Universitetinin tələbələri Azərbaycanın qədim geyimlərini, ölkəmizin Qarabağ bölgəsinə məxsus qədim qadın və kişi libaslarını təqdim ediblər. Təqdimat zamanı nümayiş olunan hər bir geyimin mənası, əks olunmuş milli rəmzlər, xanım və bəy geyimlərinin ümumi xarakteristikası barədə tamaşaçılara ətraflı məlumat verilib.
Tədbir konsert proqramı ilə yekunlaşıb.