Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurası oktyabrın 26-da Varşavadakı "Kino Kultura" kinoteatrında “Kraj wojny i Marzen” (Müharibə ölkəsinin xəyalları) filminin təqdimatının keçirilməsinə sərt etirazını bildirib.
Koordonasiya Şurasının Polşa Rejissorlar Birliyinə (Stowarzyszenie Filmowców Polskich) ünvanladıqları məktubda qeyd edilib ki, Qarabağ haqqında heç bir tarixi fakta əsaslanmayan, saxta və yalan məlumatlara söykənən filmi çəkməklə müəllif Yadviqa Novokovska qəsdən həqiqəti gizlədib: "Məqsəd - ermənilərin təcavüzkar siyasətini xristianlıq uğrunda mübarizə kimi göstərməkdir".
Soydaşlarımız vurğulayıblar ki, filmdə Ermənistanın törətdiyi cinayətlərə yer verilməyib. Ermənistanın 1988-ci ilin fevralında piketləri təşkil etməklə Dağlıq Qarabağ bölgəsini Azərbaycandan ayırması məqsədini güddüyü, bununla bağlı qərarı qəbul etməsinin ertəsi günü ermənilərin 16-18 yaşlı günahsız azərbaycanlı gəncləri qətlə yetirdiyi, SSRİ hökumətinin bu çinayətə göz yumduğu barədə heç nə deyilməyib.
Ermənistanın SSRİ dönəmində Moskvanın köməyilə silahlı dəstələr yaradaraq Dağlıq Qarabağda yaşayan azərbaycanlıları qətlə yetirdiyi, təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan 7 rayonu işğal etdiyi, 1 milyon azərbaycanlının zorla öz yurd-yuvasından didərgin salındığı və məcburi köçkünə çevrildiyi, ermənilərin Dağlıq Qarabağda yerləşən Xocalıya hücumu və burada yaşayan minlərlə azərbaycanlıya qarşı soyqırımı törətməsi kimi faktların filmdə əksini tapmadığı vurğulanıb: "Ermənistan prezidentləri R.Köçəryan və Serj Sarkisyan sonradan bəyan etmişdilər ki, onlar bu soyqırıma rəhbərlik ediblər. Bu soyqırımın faciəli nəticələri bunlardır: 613 adam öldürülüb, onlardan 106 nəfəri qadın, 63-ü uşaq, 70-i ahıl insan olub. 1275 nəfər əsir götürülüb".
Soydaşlarımız Polşa Azərbaycanlıları Birliyinin tələblərinə qoşularaq, bu filmin bir daha nümayiş olunmamasını tələb edirlər.