Helsinkidə “Vətənim Azərbaycan” adlı Azərbaycan Mədəniyyəti Günü keçirilib.
Təntənəli mərasim Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azər-Türk Gənclər Təşkilatının və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin İsveçdəki səfirliyinin, digər ölkələrin diplomatik korpusunun, İsveç, Estoniya və Finlandiyadakı azərbaycanlı icmaların, türk və rus diasporunun, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə Azər-Türk Gənclər Təşkilatının sədri və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova açıb. O, Vətənimizin keşməkeşli tarixi, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları barədə geniş məlumat verib. Azərbaycanın malik olduğu zəngin mədəni irsin qorunub saxlanılması və təbliği üçün dövlətimizin mühüm addımlar atdığı, xalqımızın mədəni özəlliyi və bəşər mədəniyyətinə misilsiz töhfələr bəxş etdiyi vurğulanıb.
Azərbaycanın İsveç və Finlandiyada müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə tədbirin keçirilməsini yüksək qiymətləndirərək, onun iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin gücləndirilməsinə xidmət etdiyini bildirib. Diplomat qeyd edib ki, məhz belə vasitələrlə yerli ictimaiyyətin nümayəndələri ölkəmizin zəngin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edirlər. O, diaspor üzvlərimizə bu cür tədbirləri tezliklə işğaldan azad olunacaq əzəli torpağımız olan Qarabağda təşkil etməyi arzulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ladən Zahidova təmsil etdiyi qurumun rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb. Finlandiyadakı diaspor təşkilatlarının mütəşəkkil və yüksək səviyyədə fəaliyyət göstərdiyinə diqqəti cəlb edən natiq soydaşlarımızın Vətənimizə, onun milli-mədəni dəyərlərinə, azərbaycançılıq ideyasına sadiq olduqlarını, Azərbaycan həqiqətlərini Finlandiyada geniş təbliğ etdiklərini söyləyib.
Tədbirin bədii hissəsində Azərbaycan haqqında film nümayiş etdirilib, musiqiçilər Rövşən Qurbanov və Ceyhun Muradovun müşayiətilə tanınmış xanəndə Rəvanə Qurbanovanın ifasında muğamlarımız səsləndirilib, rəqqaslar Elnur Süleymanovun və Viktoriya Şahmuradovanın, "SAF" İsveç-Azərbaycan Dərnəyinin nəzdindəki “Qarabağ” Azərbaycan uşaq rəqs qrupunun ifasında milli rəqslərimiz təqdim olunub.
Tədbir çərçivəsində təşkil edilən guşədə "Qarabağ Azərbaycandır!" şüarı, Azərbaycan və Qarabağdan bəhs edən kitablar, xalçalar, milli geyimlər və şirniyyat məmulatları, tanınmış fotoqraf Etibar Cəfərovun "Azərbaycanın rəngləri" fotosərgisi nümayiş olunub.