Türk Şurasının Budapeştdəki nümayəndəliyinin rəhbəri, səfir Yanoş Hovari ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin görüşü keçirilib.
Görüş zamanı səfir dünyadakı macar icmaları, miqrasiya problemləri, müxtəlif ölkələrdəki diasporların yerli cəmiyyətlərə inteqrasiyası və türkdilli diasporun birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.
Dövlət Komitəsinin sədri Fuad Muradov səfirin diqqətini dövlətimizin yürütdüyü diaspor siyasətinə cəlb edib. O, Azərbaycan diasporunun yayılma coğrafiyası, Macarıstandakı azərbaycanlı icmasının fəaliyyəti, soydaşlarımızın milli kimliyinin, mədəniyyətimizin və dilimizin qorunub saxlanması naminə gerçəkləşdirilən layihələrdən ətraflı danışıb.
Komitə sədri qeyd edib ki, dövlətlərarası dostluq münasibətlərinin diaspor təşkilatları arasında formalaşdırılması artıq zərurətə çevrilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş zirvə görüşü, türkdilli diasporların müxtəlif ölkələrdəki toplantıları haqqında geniş məlumat verən F.Muradov bildirib ki, Dünya Azərbaycanlıları Şəbəkəsinin formalaşdırılmasını strateji hədəf kimi müəyyənləşdirmiş Dövlət Komitəsi artıq ümumtürk diasporu şəbəkəsinin yaradılması istiqamətində addımlar atmaqdadır. Komitənin hazırladığı “Türkdilli diasporların inkişafına dair Strateji Yol Xəritəsi”ndə Azərbaycan və Türkiyə, eləcə də ümumilikdə türkdilli diasporların birgə fəaliyyəti xüsusi yer tutur. Gələn il türkdilli gənclərin yay düşərgəsinin təşkil ediləcəyi fikri qarşı tərəfdə böyük maraq doğurub.
Sonra Dövlət Komitəsinin adından Y.Hovariyə Azərbaycanın tarixinə və mədəniyyətinə dair xatirə hədiyyələri təqdim edilib. Nümayəndəliyin fəxri qonaqlar üçün nəzərdə tutulmuş xatirə kitabına yazdığı rəydə komitə sədri qurumun fəaliyyətini yüksək qiymətləndirib və uğurlar arzulayıb.
Görüşdə ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və nümayəndə heyətinin üzvləri iştirak ediblər.