Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Rusiya Federasiyasının İnquşetiya Respublikasının Malqobek rayonuna səfər edib.
Komitənin sektor müdiri Tural Səfərov və məsləhətçisi Aydın Mahmudovun Malqobek rayon administrasiyasının başçısı Mussa Qalayevlə görüşü zamanı Azərbaycanın diaspor siyasəti, təmsil etdikləri dövlət qurumunun həyata keçirdiyi layihələr, İnquşetiyanın yerli icra orqanları və ictimaiyyəti ilə münasibətlərin inkişafı, burada yaşayan soydaşlarımızın cəmiyyətə inteqrasiyası və s. barədə fikir mübadiləsi aparılıb.
"Ter silsiləsi" Gənclərin Vətənpərvərlik Tərbiyəsi Mərkəzində keçirilən dəyirmi masa zamanı isə 9 may 2020-ci ildə Qələbə günü bayramının respublika ərazisində təşkili və keçirilməsi, Azərbaycan diasporunun həmin tədbirlərdə iştirakı, 1942–1943-cü illərdə Malqobek strateji müdafiə əməliyyatında həlak olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə birgə çöl-axtarış işlərinin aparılması məsələlərindən danışılıb. Zyazikov-Yurt kəndindəki Mədəniyyət evində baş tutan tədbirdə komitə nümayəndələri ilə yanaşı, Malqobek rayon administrasiyası başçısının müavini İsrail Merjoyev, rayon deputatlar sovetinin sədr müavini İssa Qatiyev, "Rusiya axtarış hərəkatı"nın regional bölməsinin rəhbəri Beslan Dzeytov, Zyazikov-Yurt kənd yaşayış məntəqəsinin başçısı Yunus Seçoyev, İnquşetiyadakı Azərbaycan milli-mədəni muxtariyyətinin sədri Rəhmətulla Babayev və diaspor üzvləri iştirak ediblər.
Tədbirin sonunda Komitənin adından Beslan Dzeytova, "Kurqan" axtarış dəstəsinin komandiri Andrey Çekanova Fəxri Fərman təqdim olunub və xatirə şəkli çəkilib.
Həmin gün nümayəndə heyəti Ter silsiləsində aparılan axtarış işləri ilə yaxından tanış olublar. Qonaqlara bildirilib ki, Malqobek şəhərini müdafiə edərkən həlak olanların arasında azərbaycanlı döyüşçülər də olub. Çöl-axtarış işləri zamanı 10 azərbaycanlı döyüşçünün sümüklərinin qalıqları tapılıb və hazırda onların kimə aid olması müəyyənləşdirilir. Axtarış prosesi başa çatdıqdan sonra isə aşkarlanmış bütün qalıqlar burada salınacaq qardaşlıq məzarlığında dəfn olunacaqdır. Bu münasibətlə keçiriləcək tədbirə azərbaycanlı döyüşçülərin qohumları və yaxınlarının da dəvəti nəzərdə tutulur.
Daha sonra Malqobek rayonunun mərkəzi kitabxanasında nümayiş olunan "Azərbaycan - ecazkar odlar yurdu" sərgisi ilə tanışlıq olub. Dövlət Komitəsinin adından bu mədəniyyət ocağına kitablar hədiyyə edilib.
Nümayəndə heyəti azərbaycanlı icmanın bir qrup üzvü ilə birlikdə, açılışına hazırlıq işlərinin getdiyi Heydər Əliyev parkını da ziyarət edib.