Kanadanın Toronto şəhərində "Əbədiyyət üfüqlərində doğan Eşq Günəşi" adlı ədəbi-bədii gecə keçirilib. "Kanada Azərbaycanlıları İncəsənət Cəmiyyəti"nin təşkilatçılığı ilə gerçəkləşmiş tədbir görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub.
Gecədə ölkəmizin Kanadadakı diplomatları, diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Fuad Əliyev, azərbaycanlı icmaların təmsilçiləri İmadəddin Nəsimini xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri adlandıraraq, onun əsərlərinin mədəni irsimizin inciləri sırasına daxil olduğunu vurğulayıblar.
Gecədə Nəsiminin həyat və yaradıcılığına, irsinə həsr olunmuş məruzə təqdim edilib, onun qəzəllərinə və şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib, “Nəsimi” bədii filmindən epizodlar göstərilib.