Daşkənddə Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsində “18 oktyabr – Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı tədbir keçirilib.
Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilati dəstəyilə baş tutan tədbirdə ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi İlyas Məmmədov, Azərbaycan diasporunun bu ölkədəki fəal üzvləri, digər icmaların rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.
Mərkəzin sədri Firdovsi Hüseynov, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin şöbə müdiri Nematjon Pavlanov öz çıxışlarında tarixə ekskurs ediblər. Onlar cəmi 23 ay yaşayan, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xalqımızın 1991-ci ilin 18 oktyabr tarixində dövlət müstəqilliyinin bərpasına nail olduğunu, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dönəmində Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin olunması naminə çox mühüm addımların atıldığını, Prezident İlham Əliyevin müasir Azərbaycan dövlətinin inkişaf etmiş ölkələr sırasında yer alması üçün nəhəng layihələr həyata keçirdiyini söyləyiblər.
Xalq Cümhuriyyətindən bəhs edən sənədli filmin nümayişindən sonra tədbir konsert proqramı ilə yekunlaşıb.