Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Çeçenistana səfər edib.
Səfər zamanı ilk görüş Qroznıda yaşayan həmvətənlərimizlə keçirilib. Gənclər Sarayında baş tutan tədbirdə komitənin sektor müdiri Tural Səfərov, məsləhətçi Aydın Mahmudov, Çeçenistanın Gənclərlə iş üzrə nazirinin birinci müavini Hüseyn Abdulkərimov və nazir müavini Əhmədxan Makayev iştirak ediblər. Soydaşlarımıza Dövlət Komitəsinin sədri Fuad Muradovun salamları çatdırılıb, həyata keçirilən layihələr barədə ətraflı məlumatlar verilib, onların problemləri və təklifləri dinlənilib.
Daha sonra nümayəndə heyətini Milli siyasət, beynəlxalq əlaqələr, mətbuat və informasiya üzrə nazir C.Umarov və Gənclərlə iş üzrə nazir İ.İbrahimov qəbul edib. Nümayəndə heyəti Azərbaycanın diaspor siyasəti barədə geniş məlumat verib, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası zamanı qarşılaşdıqları problemlər, hüquq-müdafiə mərkəzinin yaradılması, birgə əməkdaşlığın və qarşılıqlı anlaşmanın yolları müzakirə olunub.
Sonda Şimali Qafqaz bölgəsindəki diaspor təşkilatları adından Çeçenistanın başçısı Ramzan Kadırova hədiyyə təqdim edilib.
Səfər çərçivəsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin adına Qroznıda salınmış park, Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun məzarı, onun adına yaradılmış memorial kompleks, Şalidəki Məhəmməd peygəmbərin adını daşıyan “Müsəlmanların qüruru” məscidi ziyarət olunub.