Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov TRT AVAZ televiziya kanalının canlı yayımında aparıcı Fatih Avanosun suallarını cavablandırıb.
“Diaspor TV”nin studiyasından yayımlanan müsahibədə Dövlət Komitəsinn sədri bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş zirvə görüşündə diaspor mövzusu ilə bağlı müzakirə olunan məsələlər barədə fikirlərini bölüşüb.
Komitə sədri, eyni zamanda, Azərbaycan diasporunun yayılma coğrafiyası, fəaliyyəti, soydaşlarımızın milli kimliyinin, mədəniyyətimizin və dilimizin qorunması üçün həyata keçirilən layihələrlə bağlı TRT AVAZ tamaşaçılarına məlumat verib.
Fuad Muradov türk dünyasının ortaq problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında birgə fəaliyyət üçün hazırlanmış yol xəritəsindən, Türkiyə və Azərbaycan prezidentlərinin göstərdiyi “Birlik modeli”ndən, ümumtürk diasporunun formalaşmasında gənclərin rolundan, Türkiyənin Xaricdə yaşayan Türklər və Əqraba İcmalar İdarəsi ilə əməkdaşlıqdan bəhs edib. O, gələn il ümumtürk diasporunun formalaşması istiqamətində türkdilli gənclərin yay düşərgəsinin təşkil ediləcəyini də bildirib.