Böyük Britaniya, ABŞ və Gürcüstanda Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunmasının 28-ci ildönümü münasibətilə tədbirlər keçirilib.
Londondakı Azərbaycan Evində baş tutan tədbirdə ölkəmizin Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Azərbaycan Evinin qurucusu Ali Tekin Atalar, antropoloq və etnoqraf, 50-dən çox akademik nəşrin müəllifi olan Tamara Dragadze çıxış ediblər. Onlar müstəqilliyin, inkişaf və davamlı tərəqqinin əhəmiyyətindən, Dövlət Müstəqilliyi Gününün tarixindən, Azərbaycanla bağlı təəssüratlardan danışıblar. Azərbaycan tarixi ilə bağlı sualların cavablandırıldığı tədbirdə 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Oktyabrın 19-da Nyu-Yorkun məşhur Wall Street küçəsindəki Bowling Green parkında bayram münasibətilə Azərbaycan və ABŞ-ın dövlət bayraqlarının ucaltma mərasimi keçirilib.
Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşən tədbirə Nyu-Yorkda və ABŞ-ın digər ştatlarında yaşayan soydaşlarımız qatılıblar. Mərasim zamanı ABŞ və Azərbaycanın Dövlət himnlərinin sədaları altında hər iki bayrağı səmaya ucaltmaq missiyası Assosiasiyanın prezidenti Ercan Yerdenliyə və vitse-prezidenti Zəminə Mirhadıyevaya həvalə olunub. Uzaq Amerikada yaşayan soydaşlarımız Azərbaycanın müstəqil dövlət olması ilə qürur duyduqlarını, üçrəngli bayrağımızın daim ucalarda dalğalanmasını görmək istədiklərini, tarixi Vətənlərini çox sevdiklərini bir daha vurğulayıblar.
Qeyd edək ki, Azərbaycan bayrağı bu parkda 10 gün dalğalanacaq. Assosiasiyadan bildirilib ki, Azərbaycanın Müstəqilliyi Gününü qeyd etmək üçün Bowling Green parkı təsadüfən seçilməyib. 1776-cı ildə ABŞ-ın istiqlaliyyəti uğrunda aparılan müharibə zamanı parkdakı abidə əridilərək hərbi ehtiyaclara xərclənib.
Müstəqillik günü ilə bağlı daha bir tədbir Kaliforniyada təşkil olunub. Oktyabrın 20-də Kaliforniyanın Los Kantus şəhərində yaşayan soydaşlarımız möhtəşəm bayramı avtomobil yürüşünə çıxmaqla qeyd ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və ABŞ bayraqları ilə bəzədilmiş 40-a yaxın avtomobil iştirak edib. Yürüş zamanı Azərbaycan Mədəniyyət Mərkəzinin önündən San-Fransisko körfəzinə qədər məsafə qət edilib.
Təşkilat rəhbəri Həmid Əhmədi bildirib ki, məqsəd – Azərbaycan dövlətini və bayrağını Birləşmiş Ştatlarda yaşayan sadə amerikalılara tanıtmaqdır. Odur ki, növbəti illərdə daha çox maşın yürüşə cəlb ediləcək.
Azərbaycanın müstəqillik günü qonşu Gürcüstanda da qeyd edilib. Tbilisinin Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbirdə azərbaycanlı və gürcü ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan muzey direktoru Lеyla Əliyeva 28 il öncə Dövlət Müstəqilliyinin bərpa olunmasını Vətənimizin tarixində baş vermiş önəmli hadisə adlandırıb və bu münasibətlə qonaqları təbrik edib.
Daha sonra tədbir bədii proqramla davam edib.