Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təşəbbüsü ilə Komitə əməkdaşlarından, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələrindən və “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarından ibarət bir qrup şəxs Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə reallaşan səfərdə məqsəd “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarına Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl həriflərlə yazılan, Aprel Qəhrəmanlarının şah əsəri olan “Böyük qayıdışın başlanğıc nöqtəsi” Cocuq Mərcanlı kəndinin tanıdılması, Cocuq Mərcanlıda təhsil alan məktəblilərə mənəvi dəstəyin göstərilməsi, sərhəd bölgəsində yaşayan insanların xalqımızın və dövlətimizin daim diqqətində olduğunun bir daha nümayiş etdirilməsidir.
Dövlət Komitəsinin nümayəndə heyəti Cocuq Mərcanlıya səfər çərçivəsində, Horadiz qəsəbəsində Aprel şəhidlərinin şərəfinə ucaldılmış xatirə abidəsini də ziyarət edib və önünə gül dəstələri qoyublar.
Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev nümayəndə heyətinə məktəb barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda 84 şagirdin oxuduğu təhsil ocağı bütün lazımi avadanlıqlarla təchiz edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Könüllülərlə iş üzrə koordinator Bəxtiyar Rəhimov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində vətənimizin gündən-günə abadlaşdığını diqqətə çatdırıb. Qarabağ mövzusunda bu kimi görüşlərin keçirilməsinin vacibliyini qeyd edib, növbəti görüşləri işğal altında olan torpaqlarımızda, Şuşada keçirməyi arzulayıb.
Sonra məktəb şagirdləri qonaqların qarşısında vətənpərvərlik mövzusunda şeirlərlə çıxış ediblər.
Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə tanış olan qonaqlar Dövlət Komitəsi adından məktəbin kitabxanasına kitablar hədiyyə edib.
Eyni zamanda, səfər zamanı Dövlət Komitəsinin nümayəndələri və Diaspor Könüllüləri Cocuq Mərcanlı kəndi və onun tarixi ilə ətraflı tanış olublar. Qonaqlar məscidə baş çəkib və Qayıdış parkında gəzintiyə çıxıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərini rəhbər tutaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqram həyata keçirir. Cocuq Mərcanlıya səfər də Proqramın tərkib hissəsi kimi təşkil olunub.