Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində uşaq və yeniyetmələrin “Saf rənglər” VI Beynəlxalq rəsm yaradıcılığı festivalının açılış mərasimi keçirilib. Təhsil Nazirliyi, ADRA və “Kainat” Gənclər Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunan tədbirin açılış mərasimində müxtəlif nazirlik və təşkilatların, səfirliklərin, mədəniyyət və yaradıcılıq mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Mərasimdə ADRA-nın rektoru, akademik Ömər Eldarov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə müşaviri İrfan Çiftçi, “Kainat” Gənclər Mərkəzinin direktoru Rahib Rəsulzadə və digərləri çıxış edərək, uşaqların yaradıcılıq istedadlarının üzə çıxarılması baxımından festivalın böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Festivala 20-dən çox ölkənin 3 yaşdan 18 yaşa qədər olan uşaq və yeniyetmə rəssamları qatılıblar. Onların arasında ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “Mənim Yolum” Uşaq və Gənclərin İnkişafı Mərkəzinin təmsilçiləri də olub. Bu mərkəzin prezidenti Alyona Bədəlova, bədii rəhbəri isə Emin Quliyevdir.
Müsabiqə proqramına “Azərbaycan: ölkənin müasir həyatı, tarixi və mədəniyyəti”, “Mənim ölkəmin müasir həyatı, tarixi və mədəniyyəti”, “İdman”, “Ekologiya”, “Təhlükəsiz dünya” nominasiyaları daxil edilib. Festival iştirakçıları təsviri sənətin ənənəvi növ və janrlarında (rəngkarlıq, qrafika, kiçik heykəltaraşlıq, dekorativ-tətbiqi sənət), eləcə də müasir incəsənətin multimedia, instalyasiya, kompüter qrafikası və animasiya növlərində öz əsərlərini nümayiş etdiriblər.
Tədbirdə iştirakçılara fəxri mükafatlar təqdim olunub.
Qeyd edək ki, 2013-cü ildən Azərbaycanda keçirilən “Saf rənglər” festivalı uşaq və yeniyetmələrin dünya mədəni əməkdaşlıq sisteminə inteqrasiyasında mühüm hadisə hesab olunur. Bu müddətdə Rəssamlıq Akademiyasının salonlarında 720 gənc rəssamın 1069 əsəri nümayiş olunub.