Almaniyanın Köln və Kölnətrafı şəhərlərində yaşayan azərbaycanlılar bir araya gəlib. Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Zaur Salmanov və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri Yaşar Musayev iştirak edib.
Tədbir zamanı soydaşlarımız Azərbaycanın diaspor siyasətini, Dövlət Komitəsinin gerçəkləşdirdiyi layihələri diqqətlə izlədiklərini, xaricdə yaşayan həmvətənlərimizin fəallığının artması, yerli cəmiyyətə inteqrasiyası, şəbəkələşməsi, mütəşəkkil və səmərəli fəaliyyətə nail olunması baxımından görülən işləri yüksək qiymətləndirdiklərini bildiriblər.
Koordinasiya Şurasının idarə heyətinin sədri Yaşar Musayev rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. Tədbirdə iştirak edən azərbaycanlı tələbələr sosial şəbəkələr vasitəsilə Koordinasiya Şurasının həyata keçirdiyi layihələri dəstəkləyəcəklərini və tədbirlərdə fəal iştirak edəcəklərini vurğulayıblar.
Soydaşlarımızı maraqlandıran məsələlər, səsləndirilən təkliflər və ideyalarla bağlı ətraflı fikir mübadiləsi aparılıb. Köln şəhərində milli-mədəni irsimizin təbliğini və soydaşlarımızın cəmiyyətə inteqrasiyasını dəstəkləyəcək resurs mərkəzinin yaradılması ideyasının Dövlət Komitəsi tərəfindən məqsədəuyğun hesab olunduğu və məsələnin reallaşması istiqamətində addımların atılacağı diqqətə çatdırılıb.