İstanbul-Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub. Türkiyəli qonaqları salamlayan komitə sədri Fuad Muradov ölkələrimiz arasında münasibətlərin inkişafı, Azərbaycan-Türkiyə diasporlarının birgə işləmək imkanları barədə danışıb, bu sahədə real vəziyyəti dəyərləndirib. Komitə sədri bildirib ki, biz Amerika Birləşmiş Ştatlarında, Avropa ölkələrində fəaliyyət imkanlarımızı genişləndirmək üzərində düşünürük və bu sahədə diasporlarımızın həmrəyliyinin yaradılması vacibdi. Görüş zamanı, müxtəlif dillərdə kitabların nəşri, məşhur Universitetlərdə dərgilərin buraxılması, dərnəyin fəaliyyətinin fundamental əsaslarının möhkəmləndirilməsi, konkret və real nəticə verən layihələrin həyata keçirilməsi yaxın hədəflər kimi müzakirə edildi. Komitə sədri Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin diaspor siyasəti, hər iki ölkənin prezidentlərinin diaspor mövzusunu diqqətdə saxlaması və onların çıxışlarının bizə verdiyi mesajların, həm də fəaliyyət istiqamətlərimizi müəyyən etməsi barədə fikirlərini bildirdi.
Qeyd olundu ki, bu gün beynəlxalq aləmdə türk dünyasına qarşı iri layihələrin olması gizli deyil. Bunun qarşısında biz də mühüm işlər görməliyik, konkret planlarımız və aydın hədəflərimiz olmalıdır. Dərnəyin sədri Səfər Karakoyunlu və çıxış edən digər Türkiyəli qonaqlar dərnəyin fəaliyyəti barədə məlumat verib, Türkiyə, Azərbaycan diasporlarının əlaqələrinin möhkəmləndirilməsi üçün təkliflərini səsləndiriblər. Qonaqlar, həmçinin hər səfərlərində Azərbaycanın inkişafına heyran qaldıqlarını və bundan qürur duyduqlarını da dilə gətiriblər. Onlar tarixi Aprel döyüşləri zamanı azərbaycanlıların düşmən üzərində qələbəsini də yada salıb, Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu və ədalətin bərpa olunacağına inandıqlarını bildiriblər.
Görüşdə iştirak edən, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev diaspor hərəkatında hədəflərimiz, erməni yalanlarının ifşası, hər iki ölkədə yeni nəslin vətənpərvər ruhda tərbiyəsinin vacibliyi barədə fikirlərini bölüşüb. O, sərhədlərimizdən kənarda yaşayan soydaşlarımızın çiyin-çiyinə verərək eynu duyğu və düşüncə içərisində türk dünyasının düşmənlərinə qarşı birgə mübarizəyə qoşulmasının əhəmiyyətini vurğulayıb, dostluq və qardaşlığımızı bundan sonra da ən yüksək səviyyələrə daşıyacağımıza kimsənin şübhəsi olmadığını qeyd edib.
İstanbul-Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin üzvləri bu günlərdə Azərbaycana gəlişlərinin təsadüf olmadığını bildirərək, 15 sentyabrın Bakının və Azərbaycanın tarixindəkı rolunu yada salıblar. Onlar, həmçinin Qubaya səfər edəcəklərini və soyqırım abidəsini ziyarət edəcəklərini diqqətə çatdırıblar.
Dərnəyin qocaman üzvü Bahettin Miral əslən azərbaycanlı olduğunu bildirərək ata-babalarını ermənilərin qətlə yetirməsi barədə acı xatirələrini bölüşüb.
Sonda Türkiyəli qonaqlara Araz Qurbanovun müəllifliyi ilə çap edilən “Müsəlman ermənilər” kitabı hədiyyə olunub, onlarla xatirə şəkilləri çəkilib.