Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları ilə xaricdə yaşayan soydaşlarımızın birgə video-müzakirələri təşkil edilib. Müxtəlif ölkələrlə video bağlantılar qurulub və diaspor könüllüləri ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızla fikir mübadiləsi aparıblar.
Müzakirələrin ilk günündə könüllülər Norveçdə yaşayan azərbaycanlı gənc, CAN təşkilatının sədri Şervin Nəcəfpur, “Qala” Azərbaycan - Yunanıstan Dostluq Cəmiyyəti-nin sədri Rəşid Məmmədov, təçkilatın Baş Katibi Salatın Məmmədli və Yunanıstanda yaşayan azərbaycanlı gənc Günel Nəsirova ilə video bağlantı vasitəsilə danışıblar. Xaricdə yaşayan soydaşlarımızla həmin ölkələrdə nə vaxtdan məskunlaşmaları, yerli cəmiyyətə inteqrasiya vəziyyəti, yaşadıqları ölkələrdə milli kimliyin qorunması imkanları və s. kimi məsələlərlə bağlı müzakirələr aparılıb.
Soydaşlarımız müzakirələrə məmnuniyyətlə qoşulub və Komitənin onlara yaratdığı bu imkanı yüksək qiymətləndiriblər.
Qeyd edək ki, belə əlaqələrin yaradılması “Azərbaycan Diaspor Könüllüləri” Proqramının tərkib hissəsidir və davamlı olması nəzərdə tutulur.