14 oktyabr 2019-cu il tarixdə Bakı şəhərində “Bir millətin iki diasporu olmaz” şüarı ilə Dünya Türk İş Şurasının toplantısı keçirilib. Tədbirdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdulla Eren, müxtəlif ölkələrdən gəlmiş iş adamları, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib.
Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Zirvə Görüşünün türk dünyasında iqtisadi və ticari əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayacağını vurğulayıb: “Eyni coğrafiyanı bölüşən, eyni mədəniyyəti və tarixi olan, eyni dildə danışan xalqlar birgə platformalar və layihələr əsasında daha çox bir araya gəlirlər. VII Zirvə Görüşünü keçirəcəyimiz Türk Şurası bu istiqamətdə son zamanlarda tətbiq etdiyimiz ən mühüm əməkdaşlıq mexanizmidir. Bu yaxınlarda Özbəkistan Şuraya tamhüquqlu üzv qəbul edilib və Macarıstanın Şuraya müşahidəçi üzv kimi qəbul edilməsi təşkilatın gələcəyi üçün mühüm uğurdur. Bu il 10 illik yubileyini qeyd edən Türk Şurasının Türkmənistanın tamhüquqlu üzvlüyü ilə öz mövqeyini möhkəmləndirəcəyinə inanıram. Məqsədimiz və arzumuz tək bir qardaşımızın və soydaşımızın da kənarda qalmadığı güclü və əhatəli bir birlik yaratmaqdır”.
Türkiyə Prezidenti 300 milyonluq türk dünyasının nəhəng potensialını yalnız bu şəkildə reallaşdırılacağını qeyd edərək deyib ki, bu potensialdan istifadə baxımından 15-20 il əvvələ müqayisədə çox böyük məsafə qət etmişik, lakin iş dünyasının lokomotiv rolunu oynamadığı hər bir layihə yarımçıq qalmağa məhkumdur. Nə qədər ki, siyasi və mədəni əlaqələr möhkəmdir və ticari əməkdaşlıq tərəfindən dəstəklənir, onlar böhranlar və sarsıntılara qarşı müqavimət göstərə bilirlər. Buna görə də biznes dünyasını bir araya gətirən bu fəaliyyətə böyük əhəmiyyət veririk. Eyni zamanda, birgə nəqliyyat layihələri ilə ölkələrimiz arasındakı məsafələri də qısaldırıq.
Rəcəb Tayyib Ərdoğan Dünya Türk Biznes Şurasının xaricdə yaşayan bütün türklər üçün istinad və görüş yeri olduğunu vurğulayaraq deyib: “Xaricdəki bütün sahibkarlarımızı Dünya Türk Biznes Şurasına üzv olmağa dəvət edirəm. Bu həqiqəti hər zaman yadda saxlamalıyıq. Türkiyə və Azərbaycan türklərinin yaşadıqları ölkələrdə “Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdikləri təqdirdə öhdəsindən gələ bilməyəcəkləri maneə yoxdur. Türk dünyası nə qədər güclü olarsa, türk diasporu bir o qədər güclü və gələcəyinə daha inamlı olar”.
Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qonaqları salamlayaraq birgə fəaliyyətin, ümumtürk diasporunun formalaşdırılmasının zəruri olduğunu bildirib. Komitə sədri qeyd edib ki: Yaşadığımız qloballaşma əsri olduqca mürəkkəb xüsusiyyətlərlə səciyyələnir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək “ .....qloballaşma prosesi çox vaxt heç də nikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür”.
Qloballaşma zamanı insanlar milli mənsubiyyətindən və vətəndaşlığından asılı olmayaraq ümumbəşəri dəyərləri paylaşmalı olurlar. Belə bir dövrdə, biz milli-mənəvi dəyərləri aşınmalardan qorumalıyıq.
Bu isə xaricdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının üzərinə çox ciddi missiyanın düşdüyünü ifadə edir. Təbii ki, belə bir dövrdə dövlətlərarası dostluqların diaspor təşkilatları arasında da formalaşdırılması bir zərurətdir. Hansı ki, bu zərurəti Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev hələ 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələdə keçirilən III Zirvə toplantısındakı çıxışı zamanı aydın şəkildə səsləndirmiş və strateji bir vəzifə kimi qarşıya qoymuşdur.
İstər Azərbaycan Respublikası, istərsə də ayrı-ayrı dövlət və qeyri-dövlət qurumları tərəfindən türksoylu xalqların birliyi istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Xüsusilə, Heydər Əliyev Fondu tərəfindən ortaq layihələr reallaşdırılır, ortaq mədəni dəyərlərin paylaşılmasına xidmət edən tədbirlər təşkil edilir. Bütün bunlar türk dünyasının birliyinə xidmət edir. Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi tərəfindən 15-ci “Türk dünyasına xidmət” mükafatının Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təqdim edilməsi də bunu bir daha təsdiq edir.
Bu günədək “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək: “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır......Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur”. Çox hörmətli, möhtərəm Rəcəb Tayyib Ərdoğanın “Türkiyə ilə Azərbaycan dünyada misli görünməmiş əlaqələrə malik iki qardaş ölkədir” fikirləri də birliyimizi ifadə edir.
Komitə sədri Azərbaycan-Türkiyə münasibətlərinin yaxınlığında ölkə başçıları arasındakı dostluq, qardaşlıq münasibətlərinin xüsusi önəm kəsb etdiyini vurğulayaraq bildirib ki: Ölkə başçıları səviyyəsində yüksək dostluq münasibətləri xalqlar arasında mövcud bağları daha da möhkəmləndirir, bütün sahələrdə birgə fəaliyyətə stimul verir. Azərbaycan-Türkiyə iki qardaşın rəhbərlik etdiyi dövlətlərdir. Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz dayaqlara söykənir. Əminliklə söyləmək olar ki, ölkə rəhbərlərinin səyi nəticəsində ortaq tariximizi, mədəniyyətimizi, nailiyyətlərimizi indiki və gələcək nəsillərə çatdıra biləcəyik. Bu məqsədlə, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspor fəaliyyətinin əlaqələndirilməsi, türk dünyasının birləşmiş diaspor hərəkatının formalaşdırılması istiqamətində ardıcıl işlər görülür. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Qazaxıstan Respublikasının Vətəndaşlar Fondu və Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb.
Dünya azərbaycanlılarının şəbəkələşməsi, türk dünyası birliyinin möhkəmləndirilməsi üçün bütün mümkün olanları edirik və bu işlər ardıcıl şəkildə aparılır. Bu istiqamətdə türkiyəli qardaşlarımızla birlikdə Bakıda, Ankarada, Almaniyada, bu günlərdə Amerikada təcrübə mübadiləsi, potensial artırma təlimləri və s. müxtəlif tədbirlər keçirilib. Bütün tədbirlərdə türkiyə diasporu, türk qardaşlarımız, diplomatik korpus olduqca fəal şəkildə iştirak ediblər. Yeri gəlmişkən, mən buradan onlara öz təşəkkürümü bildirirəm.
Ümumdünya türk diasporu barədə danışan Komitə sədri qeyd edib ki: Hazırda dünyada minlərlə türkdilli diaspor mövcuddur, onlar yaşadıqları ölkələrdə dövlət və qeyri-dövlət sektorunun müxtəlif sahələrində aparıcı mövqedə dayanırlar. Diasporun xarici siyasətdə, beynəlxalq arenada aparıcı gücə çevrildiyi bir zamanda ana vətənlərindən kənarda yaşayan türklərin birliyinə nail olmaq olduqca vacibdir.
Qardaş xalqların diasporları da qardaş olmalı, birgə çalışmalıdır. Həm də ona görə ki, bizim ortaq problemlərimiz mövcuddur. Bizim xaricdəki tədbirlərdə Dağlıq Qarabağ münaqişəsi ilə, Xocalı hadisələri ilə bağlı həqiqətlərin dünyaya bəyan edilməsi ilə yanaşı, qondarma “erməni soyqırımı” məsələsi də daim dünya ictimaiyyətinə çatdırılır. Qondarma “erməni soyqırımı”nı sübuta yetirən heç bir faktın olmadığı konkret sənədlərlə dünyaya bəyan edilir. O cümlədən, türkiyəli dostlarımız da, diaspor təşkilatları da daim bu məsələlərə birgə baxır, ortaq problem kimi yanaşır.
Bu gün həm Azərbaycan, həm də Türkiyə terrora məruz qalır, antiterror əməliyyatları keçirməyə məcbur olur. Sülhün, təhlükəsizliyin bərqərar edilməsi üçün bu əməliyyatlar qaçılmazdır. Azərbaycan dövləti də hər zaman Türkiyənin yanındadır və türk qardaşlarımıza bu əməliyyatlarda da inamlı qələbələr arzu edirik.
Azərbaycanın 20 faiz torpağı işğal altındadır, bir milyondan çox vətəndaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb, məcburi köçkünlük həyatı yaşayır. Minlərlə azərbaycanlı vəhşiliklə qətlə yetilib və təəssüf ki, Ermənistan hələ də öz işğalçılıq siyasətini davam etdirir. Və nəinki davam etdirir, daha böyük xülyalarla sərsəm bəyanatlar verirlər, məkrli planlar qurur. Təəssüfləndirici odur ki, bəzən bizim tolerantlığımız, beynəlxalq hüquqa hörmətlə yanaşmamız sonda özümüzə qarşı çevrilir.
Bu gün istər Türkiyədə, istərsə də Azərbaycanda müxtəlif millətlərin nümayəndələri tam hüquqlu, sərbəst və mehriban yaşayırlar. Bununla belə, Türkiyədə, xüsusilə Şərqi Anadolu bölgəsində erməni faktorunun güclənməsi hiss edilir. Bölgənin “Qərbi Ermənistan” dövləti elan edilməsi kimi məkrli planlar ortaya çıxır. Bir sıra Qərb dövlətləri də səylərini artıraraq, HDP və PKK vasitəsilə Türkiyə ilə Azərbaycanın münasibətlərini zəiflətməyə çalışırlar. İğdır, Qars, Ağrı və Van vilayətlərini Ermənistana birləşdirmək kimi “dənizdən-dənizə uzanan böyük Ermənistan” xülyalarını gizlətmirlər. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində, Xankəndi şəhərində keçirilmiş VII Pan-Erməni Yay Oyunlarının “açılış mərasimi” məşəlinin İğdırdan gətirilməsi də bunu bir daha təsdiq edir. Azərbaycanlıların və türkiyəlilərin dünyada birliyinə nail olmaq, həm də bu zərurətdən irəli gəlir. Bunu xaricdə yaşayan hər bir azərbaycanlının da, türkiyəlinin də bilməsi çox vacibdir.
“Bir millətin iki diasporu olmaz” şüarının sadəcə gəlişi xoş ifadə deyil, qarşımızda qoyulan vacib bir vəzifə, yaşadığımız tarixi zərurət olduğunu qeyd edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri çıxışına davam edərək bildirib ki: Bütün milli, mənəvi və s. birliklərimizlə yanaşı, bizi həm də ortaq düşmən birləşdirir. Hər birimiz, yaşadığımız dövlətdən, daşıdığımız vəzifədən, sosial-siyasi mənsubiyyətindən asılı olmayaraq birgə diapor məsələsinə məhz, bu prizmadan yanaşmalıyıq.
Gələcək əməkdaşlığın daha da gücləndirilməsi, ümumtürk diasporunun formalaşdırılması üçün bütün mümkün olanları etməliyik. Diasporla İş üzrə Dövlət Komitəsi olaraq, biz bu istiqamətdə əməli addımlar üzərində müzakirələr aparırıq. İlkin mərhələdə, türk diaspor gənclərinin ortaq düşərgələrinin təşkil olunması nəzərdən keçirilir.
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Türkdilli diasporların inkişafına dair Strateji Yol Xəritəsi” işlənib hazırlanıb və gələcək fəaliyyətin Yol Xəritəsinə uyğun qurulması ilə bağlı ilkin razılığa gəlinib.
Dünya Azərbaycanlıları Şəbəkəsinin formalaşdırılmasını strateji hədəf kimi müəyyənləşdirmiş Dövlət Komitəsi, artıq ümumtürk diasporu şəbəkəsinin yaradılması istiqamətində addımlar atmaqdadır. Müasir dünyada ikili yanaşmaların hökm sürdüyü, türk düşmənlərinin böyük xülyalarla yaşadığı, məkrli planlar qurduğu bir zamanda, Qarabağ həqiqətlərinin, torpaqlarımızın işğal edilməsi ilə bağlı informasiyaların daha tutarlı və ucadan səsləndirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Ümid etmək olar ki, ümumtürk diaspor hərəkatının formalaşdırılması ən qısa zamanda bu istiqamətdə də öz bəhrəsini verəcəkdir.