Kanadanın yerli “Omni Television” kanalında Azərbaycan dilində “EL TV təqdim edir” (“EL TV Presents”) proqramı yayımlanmağa başlayıb.
Proqrama bu ölkədə yaşayan həmvətənimiz, tanınmış rejissor Elçin Muxtarov rəhbərlik edir. Məqsəd vətənimizi, milli-mədəni dəyərlərimizi təbliğ etmək, Kanadanın müxtəlif şəhərlərində azərbaycanlıların yaratdıqları diaspor təşkilatlarını, ictimai birlikləri, təhsil mərkəzlərini, biznes strukturlarını icmalarımıza yaxından tanıtmaq və keçirilən tədbirlər barədə onları məlumatlandırmaqdır. Kanadanın ictimai həyatı, təhsil, səhiyyə sistemi, bank sektoru haqqında ekspert rəyləri ilə tanışlıq və yeni gələnlər üçün yerli cəmiyyətə uyğunlaşmanı sürətləndirmək proqramın əsas məramıdır.
Proqramın ilk buraxılışı soydaşlarımız tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Kanada qanunları ilə qorunan “EL TV təqdim edir” proqramı müstəqildir. Müqavilə müddəti ərzində onun yayım hüququ “Omni TV” və “EL TV Production”a məxsusdur.