İsrailin nümayəndə heyəti Quba rayonuna səfər edib. Bu münasibətlə Quba rayon İcra Hakimiyyətində görüş keçirilib. Tədbirdə rayon rəsmiləri, İsrailin nümayəndə heyəti və yəhudi diasporunun üzvləri iştirak ediblər.
Rayonun icra başçısı Ziyəddin Əliyev qonaqlara Qubanın sosial-iqtisadi inkişafı, yerli əhalinin, o cümlədən Qırmızı Qəsəbədə yaşayan yəhudilərin rifahının yaxşılaş-dırılması ilə bağlı həyata keçirilən dövlət siyasəti haqqında geniş məlumat verib. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan-İsrail münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, birgə layihələrin regionda və dünyada sülhə, tərəqqiyə, sabitliyə xidmət etdiyi, əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik vurğulanıb.
Daha sonra Azərbaycanın Quba və İsrailin Maalot-Tarşiha şəhərləri arasında qardaşlıq əlaqələrinin yaradılması barədə saziş imzalanıb. Qeyd edək ki, bu, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təqdim etdiyi layihə çərçivəsində dostluq naminə inzalanmış beşinci sazişdir.
Saziş imzalandıqdan sonra nümayəndə heyəti Quba soyqırım muzeyini ziyarət edib. Muzeydə qonaqlara 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırım haqqında ətraflı məlumat verilib.