İsveçdə keçirilən oftalmologiya üzrə beynəlxalq konfrans bu il Azərbaycanla bağlı maraqlı məqamlarla yadda qalıb. Ənənəyə görə konfransdan sonra həkimlərin iştirakı ilə xüsusi səhnəciklər və şou təşkil olunur. Bu il 2-4 oktyabr tarixlərində Örebro şəhərində baş tutan konfransdan sonra İsveçdə yaşayan azərbaycanlı oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Pərviz Məmmədzadənin təşəbbüsü ilə Azərbaycanın milli rəqsləri ifa olunub. Klinikanın işçilərinə milli rəqslərimizi öyrədən soydaşımız onlar üçün öz evində milli geyimlər də hazırlatdırıb. Bir neçə həftəlik məşqdən sonra onlar “Şalaxo”nu Azərbaycan bayrağı altında məharətlə ifa ediblər. Klinikanın işçilərinin çıxışı maraqla qarşılanıb və alqışlara səbəb olub.
Qeyd edək ki, oftalmologiya üzrə beynəlxalq konfrans hər il təşkil olunur və konfransın işində dünyanın müxtəlif yerlərindən 500-ə yaxın mütəxəssis iştirak edir.