Oktyabrın 8-də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev ilə "Azərbaycan Diaspor Könüllüləri" proqramının bir qrup iştirakçısının görüşü keçirilib. Görüşün keçirilməsində məqsəd gəncləri Dağlıq Qarabağ mövzusu haqqında məlumatlandırmaq olub.
Görüşdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev və əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının Koordinatoru Bəxtiyar Rəhimov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fərəh Şəms Tuncay, o cümlədən Ermənistan tərəfindən ölkəmizin işğal altında saxlanılan rayonlarının gəncləri iştirak edib.
Görüşdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev gənclərimizə Qarabağ haqqında məlumat verib. Bununla yanaşı, dağıdılmış tarixi abidələr, Qarabağ atları haqqında video çarxlar nümayiş etdirilib və gənclərimizi maraqlandıran suallar cavablandırılıb.
Bəxtiyar Rəhimov gənclərlə görüş üçün Tural Gəncəliyevə minnətdarlığını bildirərək Qarabağ mövzusunda bu kimi görüşlərin keçirilməsinin vacibliyini qeyd edib, növbəti görüşləri işğal altında olan torpaqlarımızda, Şuşada keçirməyi arzulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqram həyata keçirir.