Bu günlərdə Rusiya Federasiyasında Rusiya azərbaycanlılarının vahid informasiya portalı olan AZRU (www.azru.org) kütləvi informasiya vasitəsi qismində rəsmi qeydiyyat şəhadətnaməsi alıb. Portalın baş redaktoru jurnalist, politoloq və ictimai xadim Roman Ağayevdir.
Portalın yaranması Rusiya azərbaycanlıları və Rusiya-Azərbaycan münasibətləri üçün mühüm əhəmiyyət kəsb edən bir hadisədir.
Roman Ağayev saytla bağlı bildirib ki: “Bu internet resursunda Rusiyanın Azərbaycan icması üçün maraq kəsb edən aktual xəbərlər, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri məzmununa uyğun olan məlumatlar, Rusiyanın müxtəlif regionlarında Azərbaycan diasporunun təşkil etdiyi və ya onların yaxın iştirakı ilə keçirilən tədbirlər haqqında reportajlar, xalqımızın zəngin tarixi-mədəni irsi haqqında maraqlı faktlar, Azərbaycanın rus icmasının fəaliyyəti barədə xəbərlər, tanınmış insanlar haqqında məqalələr, müəllif materialları öz əksini tapacaqdır. AZRU portalı həm Rusiya azərbaycanlılarının, həm də Azərbaycanın uğurudur. Çünki Rusiyanın informasiya məkanında azərbaycanlıların vahid informasiya portalının rəsmi şəkildə ərsəyə gəlməsi günün tələblərinə uyğundur və hər iki ölkənin maraqlarına cavab verir. Rusiya ilə çoxşaxəli münasibətlərin bütün istiqamətlərdə hərtərəfli inkişafını qarşısında prioritet kimi qoyan AZRU-nun Azərbaycanın imicinin yüksəldilməsi işində ümumi informasiya fonunu kəskin şəkildə yaxşılaşdıracağına əminik və bu istiqamətdə səylə əlimizdən gələni edirik.
R.Ağayev bildirib ki, portalın abunəçiləri, oxucuları, tərəfdaşları və real dəstəkləyənlərin sayı günü-gündən artır. Bu, ayrı-ayrılıqda hər birimizin və bütövlükdə Rusiyadakı Azərbaycan icmasının uğurlu inkişafı və firəvanlığına gətirib çıxaran xoş bir ənənəyə çevrilir. Xalq tərəfindən maliyyələşdirmə - hər birinizin konkret yardımı üzərində işini quran AZRU qismində vahid informasiya məkanı bizim hamımızı birləşdirir və ümumi maraqlarımıza xidmət edir.
Sonda AZRU portalının rəhbəri bu gün və gələcəkdə maddi və mənəvi dəstək göstərən hər bir həmvətənimizə dərin təşəkkürünü bildirib.