Oktyabrın 4-də UEFA Avropa liqasının qrup çərçivəsində keçirilmiş “Dudelanj”-“Qarabağ” futbol oyunu zamanı baş vermiş erməni təxribatı bütün dünyada yaşayan soydaşlarımızı hiddətləndirib.
Avropa Azərbaycanlıları Konqresi (AAK) və Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi bu hadisəni yolverilməz adlandırıb və siyasi terror aktı kimi qiymətləndirib: “Tarix boyu terrorçuluq siyasətlərindən əl çəkməyən ermənilər bu çirkin əməllərini hər sahədə olduğu kimi idmana da tətbiq etməkdən çəkinmirlər. Lakin bu, yolverilməzdir”.
AAK beynəlxalq təşkilatları separatçı ermənilərin təxribatçı əməlinə biganə qalmamağa və hadisəyə siyasi qiymət verməyə çağırıb.
Lüksemburqdakı məşhur “Vodafone” şirkətinin meneceri Emin Quliyev isə sosial şəbəkə vasitəsilə ölkənin baş naziri Xavier Bettelə müraciət edib.
Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu Baş nazirə xatırladan soydaşımız çox ciddi təxribat olan bu hadisənin azərbaycanlılara pis təsir etdiyini, futbolun siyasətlə qarışdırılmasının qeyri-etik olduğunu vurğulayıb.
E.Quliyev hadisənin çox ciddi təhlükəsizlik məsələsi olduğuna və Lüksemburqun imicinə mənfi təsir göstərdiyinə diqqəti cəlb edib: “Bildiyim qədər, dronun stadiona gətirilməsi və istifadə edilməsi qadagandır. Yerli və beynəlxalq media agentlikləri bu məlumatı yaydıqları üçün bu, bizim ikinci vətənimiz olan Lüksemburqun imicinə mənfi təsir göstərə bilər”.
O, baş naziri bununla bağlı fikrini rəsmən bildirməyə və təşkilatçıların dərhal tapılıb cəzalandırılması üçün yerli polisə göstəriş verməyə çağırıb.
Xatırladaq ki, "Qarabağ"ın ikinci qolundan sonra qondarma Dağlıq Qarabağ rejiminin əski parçası uzaq məsafədən idarə olunan dronla stadiona gətirilib. Stadionda yaranan gərginlik baş hakimin fasilə elan etməsinə səbəb olub. Yalnız Lüksemburqun idman naziri öz hökuməti adından komandamızdan və azərbaycanlı azarkeşlərdən üzr istəyəndən sonra futbolçularımız meydana qayıdıblar.