ABŞ-da yaşayan tanınmış şair Aleksandr Səlimov ədəbiyyat sahəsində daha bir uğur əldə edib.
O, “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının gümüş medalına layiq görülüb. Festivalın finalında 52 ölkədən 200 nəfərə qədər yazar iştirak edib. Heydər Əliyev Mərkəzində keçirilən bağlanış mərasimində laureatlara medallar təqdim olunub.
Festivala təşkilatı dəstəyi Avrasiya Xalqları Assambleyasının üzvü “LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondu göstərib.
Bağlanış mərasimində çıxış edən Avrasiya Xalqları Assambleyası (AXA) baş katibinin birinci müavini Svetlana Smirnova bildirib ki, festival Avrasiya qitəsinin ən tanınmış yazıçı və şairlərini bir araya gətirməyə nail olub. O, festivalın yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, 1990-cı ildən ABŞ-da yaşayan A.Səlimov Delaver Universitetində ispan və Latın Amerikası ədəbiyyatından dərs deyir. O, ABŞ Pen-klubunun, Amerika Şairlər Akademiyasının üzvü, Boliviya Yazıçılar və Rəssamlar İttifaqının fəxri üzvü, UNESCO-nun fəxri mədəniyyət səfiridir. Onun kitabları və məqalələri İspaniyada, ABŞ-da, Kanadada, Cənubi Koreyada və Azərbaycanda nəşr edilib. Bu kitablar arasında “Çağırış və digər poemalar” adlı şeirlər məcmuəsi xüsusi yer tutur. Həmin kitaba Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib.