Amerika Birləşmiş Ştatlarında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Men ştatının Portlənd şəhərindəki Təhsil Mərkəzində, Böyük Ticarət Mərkəzində, Nümayəndələr Palatasında, Senatda, Maliyyə Nazirliyində, eləcə də Avqusta şəhərində senator Kinqin ofisində görüşlər keçirib.
Təhsil Mərkəzinin direktoru Anita St.Onc, Böyük Ticarət Palatasının idarə heyətinin sədri Kvinsi Henztel, konqresmenlər Riçard Farnsvord, Denis Kesçi, maliyyə naziri Henri Beklə aparılan danışıqlar zamanı ABŞ-Azərbaycan münasibətlərindən danışılıb, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlər, torpaqlarımızın Ermənistan tərəfindən işğal altında saxlanılması, Azərbaycan diasporunun yerli çəmiyyətə inteqrasiyası və s. məsələlər müzakirə olunub.
Görüşlərdə doğma dillərini və kimliklərini unutmamaları məqsədilə azərbaycanlı uşaqlar üçün kursların açılması, azərbaycanlı tələbələrə təqaüd dəstəyinin göstərilməsi, senator və konqresmenlərin Azərbaycan diasporu ilə sıx şəkildə işləməsi, azərbaycanlı seçicilərin problemlərinə diqqətlə yanaşılması, kiçik və orta bizneslə məşğul olan soydaşlarımıza zəruri treyninqlərin keçirilməsi, Vaşinqtonda yerləşən Azərbaycan Ticarət Palatasının Men ştatı ilə əlaqələrinin qurulması, Azərbaycanda istehsal olunan məhsulların Menə ixrac edilməsi və satışının təşkili, Dövlət Komitəsilə Men ştatının Nümayəndələr Palatası və Senatı arasında münasibətlərin formalaşdırılması kimi təkliflər səslənib.
Portlənd İctimai Kitabxanasına və Avqusta şəhərindəki dövlət kitabxanasına Azərbaycandan bəhs edən kitablar hədiyyə edilib.