Qazaxıstana səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri bu ölkədə yaşayan bir qrup soydaşımızla görüşüb.
Azərbaycanın Qazaxıstandakı Səfirliyində baş tutan görüşdə komitənin Gürcüstan və Türkdilli dövlətlərlə iş şöbəsinin müdiri Anar Rəsulov və ekspert Teymur Atayev iştirak ediblər. Tədbiri giriş sözü ilə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov açıb.
Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmləndirilməsində diasporun roluna nəzər salınıb. Soydaşlarımız etnosların milli-mədəni ənənələrini qoruyub saxlamaq imkanı yaratdığına görə Qazaxıstan hakimiyyətinə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, azərbaycanlılar bu ölkədə özlərini doğma vətənlərində olduqları kimi hiss edir, hər hansı bir maneə ilə rastlaşmır, eləcə də karyeralarını qurmaq və inkişaf üçün bütün imkanlardan yararlana bilirlər.
Daha sonra nümayəndə heyəti Nur-Sultan şəhərindəki Dostluq Evində Qazaxıstan Xalqının Assambleyası (QXA) katibliyinin müdir müavini Leonid Prokopenko ilə görüşüb. Burada qonaqlara etnoslararası və ictimai razılığın Qazaxıstan modeli təqdim olunub.
L.Prokopenko qurumun yaradılması, onun konstitusion statusu, vəzifələri, görülən işlər barədə ətraflı məlumat verib. O, qeyd edib ki, hazırda Qazaxıstanda 22 Azərbaycan etnomədəni birliyi, "Qazaxıstan azərbaycanlıları Assosiasiyası" respublika ictimai birliyinin filialları və struktur bölmələri fəaliyyət göstərir. Bu birliklərin əsas məqsədi milli adət-ənənələri, dil və mədəniyyəti qoruyub saxlamaq və inkişaf etdirməkdir. Etnomədəni birliklərin nəzdində gənc nəslin dövlət və doğma dili, tarixi, ədəbiyyatı, incəsənəti, Azərbaycan xalqının adət və ənənələrini öyrənməsi üçün həftəsonu məktəbləri fəaliyyət göstərir.
Nümayəndə heyəti səfərin QXA-nın fəaliyyəti ilə tanışlıq xarakteri daşıdığını bildirib. Azərbaycan və Qazaxıstanın qardaş dövlətlər olduğu, xalqlarımızı türk köklərinin, ümumi mədəniyyətin birləşdirdiyi, Stalin repressiyaları dönəmində Qazaxıstanın soydaşlarımızın əksəriyyətinə sığınacaq verdiyinin unudulmadığı, azərbaycanlıların burada dinc şəkildə yaşadığı, heç bir problemlə üzləşmədiyi vurğulanıb.
İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin azərbaycanlıların inkişafına dəstək göstərməyə hazır olduğu ifadə edilib.
Həmin gün Azərbaycanın Qazaxıstandakı səfirliyinin birinci katibi Məmməd Bağırov, Dövlət Komitəsinin şöbə müdiri Anar Rəsulov, ekspert Teymur Atayev, “Xəzər” azərbaycanlıların etnomədəni mərkəzinin idarə heyətinin sədri Vidadi Ağayev və sədr müavini Rabil Quliyevin təmsil olunduğu nümayəndə heyəti L.Qumilyov adına Avrasiya Milli Universitetinin filologiya fakültəsində Ümummilli lider Heydər Əliyevin adını daşıyan kabineti ziyarət ediblər.
Fakültə rəhbərliyi görkəmli dövlət və siyasət xadimin keçdiyi ömür yolu və fəaliyyəti ilə yaxından tanış olmaq üçün yaradılan imkana görə Azərbaycanın Qazaxıstandakı Səfirliyinə minnətdarlığını bildirib. Qeyd edilib ki, müasir texnika, tədris mebeli ilə təchiz olunmuş, xarici filologiya kafedrasının qürur mənbəyi olan bu kabinetdə təqdimat mərasimləri, dəyirmi masalar, elmi konfranslar, xarici alimlərin apardıqları mühazirələr, seminarlar və interaktiv məşğələlər keçirilir.
Sonda Dövlət Komitəsinin adından universitetə suvenirlər və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından bəhs edən vəsaitlər hədiyyə edilib.