Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə İstanbulda soydaşlarımızla keçirilən görüşdə Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbul şəhərindəki Baş konsulluğunun konsulu Ayaz Pirimov, İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan dərnəklərinin rəhbərləri, ictimai, elm və incəsənət xadimləri, media nümayəndələri iştirak edib.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Dövlət Komitəsinin fəaliyyətindən bəhs edən hesabat xarakterli videoçarx nümayiş etdirilib.
Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirdə çıxış edərək müzakirə olunacaq məsələlərlə bağlı məlumat verib. O, Azərbaycanın diaspor siyasəti və fəaliyyət istiqamətləri, bu istiqamətlərdə atılan konkret addımlar, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi, müasir onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyətə nail olmaq haqqında danışıb. Xaricdə təhsil alan ən çox azərbaycanlı gəncin məhz Türkiyənin payına düşdüyünü qeyd edən Komitə sədri Türkiyədə yaşayan soydaşlarımızın problemlərinə də toxunub. O, xüsusilə İstanbul şəhərində qeyri-rəsmi məskunlaşmış azərbaycanlıların problemlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nəzarətində olduğunu və bununla əlaqədar hər iki ölkənin müvafiq dövlət qurumları, o cümlədən, Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında konkret tapşırıqlar qoyulduğunu bildirib. Bu istiqamətdə Dövlət Komitəsinin Azərbaycan və Türkiyənin aidiyyati qurumları ilə birgə görülmüş işlərdən danışıb. Son zamanlar İstanbulda qeyri-rəsmi məskunlaşmış azərbaycanlıların deportasiya olunması ilə bağlı yayılan və həqiqətə uyğun olmayan xəbərlərə münasibət bildirən F.Muradov belə dezinformasiyalrın iki qardaş ölkə arasındakı yüksək əlaqələri gərginləşdirmək istəyən qüvvələrin maraqlarına xidmət etdiyini bildirib.
Qeyd edilib ki, Bakıda keçirilmiş Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasında iki qardaş ölkə arasında həllini gözləyən, o cümlədən Türkiyədə qeydiyyatsız yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı sənədin imzalanması böyük əhəmiyyət kəsb edir.
Şamil Ayrım Azərbaycan-Türkiyə münasibətlərinin dünya dövlətləri üçün bir nümunə olduğunu bildirib. Ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlığı qeyd edən Ş.Ayrım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu münasibətlərə xüsusi dəyər verməsi və onların inkişaf etdirilməsi istiqamətində əvəzsiz xidmətləri barədə danışıb.
Tədbirdə vaxtaşırı məsuliyyətsiz bəyanatlarla çıxış edən Ermənistan rəhbərliyinin hərəkətlərinə qarşı Azərbaycan, eləcə də türkdilli diasporun davamlı və sistemli fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aparılıb.
Sonra Azərbaycan Diasporuna Dəstək Fondunun iş prinsipləri haqqında məlumat verilib, fondun təqdimatı ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varislərinə Nadir Vəkili, İlhami Əsgəran və Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdet Ünüvara, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı təqdim edilib. Medalları Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdim edib. Yubiley medalına layiq görülmüş AXC varisləri və digər təltif olunanlar çıxış edərək göstərdiyi böyük diqqət və qayğı üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Daha sonra tədbir iştirakçıları müxtəlif məsələlərlə bağlı müzakirələr aparıb və Azərbaycanın qardaş ölkədə daha geniş təbliğ və təmsil olunması üçün layihələrin təqdimatı keçirilib.