Cümhuriyyət liderlərinin Türkiyədə yaşayan varislərinə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" medalları təqdim olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə yubiley medallarına Feyzavər Alpsar Turan (Əli bəy Hüseynzadənin qızı), Leyla Keykurun-Xanxoylu (Cavad xanın nəticəsi) və İbrahim Yıldırım (Mustafa Vəkiloğlunun qohumu) layiq görülüblər.
Türkiyəyə səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov medalları AXC varislərinə təqdim edərək, onları səmimi qəlbdən təbrik edib. O, yubiley medalının əhəmiyyətindən danışıb və bu addımı şanlı keçmişimizə, dövlətçilik tariximizə verilən yüksək dəyərin, eləcə də Xalq Cümhuriyyətinin yaradılmasında iştirak etmiş şəxslərin ailə üzvlərinə göstərilən böyük diqqətin göstəricisi adlandırıb.
Cümhuriyyət liderlərinin varisləri Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğı üçün dərin minnətdarlıq bildiriblər.